
İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilmişdir

19 noyabr 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Gənc alim və Müxtəxəssislər Şurasının (GAMŞ) iclası keçirilmişdir. Tədbirdə institutun rəhbərliyi, GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin nümayəndələri iştirak etmişdirlər.
İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbiri giriş nitqi ilə açaraq gündəlikdən irəli gələn məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ə.Abbasov iclasın Gənc Alim və Mütəxəssislər Şurasına yeni seçkilərin keçirilməsi ilə bağlı olduğunu bildirərək müasir dövrdə gənc kadr potensialının önəminə toxundu, tədbirə işində uğurlar arzuladı.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək gənclərin müxtəlif sahələrdə, xüsusən də elmin inkişafında aparıcı qüvvə olduğunu qeyd etdi. AMEA-da gənclərin üstünlük təşkil etdiyini ifadə edən Ə.Sadıqov qarşıda duran mühüm vəzifələrdən bəhs etdi, gənclərə daim fəal olmağı və ölkənin inkişafına töhfələr verməyi tövsiyə etdi. Alim irəli sürülən namizədlərlə bağlı fikirlərini səsləndirdi və onlara uğurlar arzuladı.
Ə.Sadıqov GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev və sədr müavini, i.ü.f.d. Aygün Əliyevaya şuranın fəaliyyətinə verdikləri mühüm töhfələrə görə İSİ rəhbərliyi adından təşəkkür edərək bu istiqamətdə gənclərə daim örnək olduqlarını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev çıxış edərək keçirilən tədbirin şuraya yeni sədr, müavinlər və katibin seçilməsi ilə bağlı olduğunu bildirərək şuranın sədrliyinə namizəd olan GAMŞ sədr müavini Lamiyə Nəcəfova və elmi işçi Səyyarə Hidayətzadəni tədbir iştirakçılarına təqdim etdi. Şuraya sədrlik etdiyi dövrdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs edən R.Məstəliyev gənclərə uğurlar arzuladı.
İSİ İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, GAMŞ sədr müavini, i.ü.f.d Aygün Əliyeva çıxış edərək yüksəksəviyəli gənc kadrların hazırlanmasının müasir dövrün tələblərindən olduğunu bildirdi. Azərbaycanın hərtərəfli inkişafında gənclərin qarşısında duran mühüm vəzifələrdən bəhs edən A.Əliyeva bu istiqamətdə İSİ-də həyata keçirilən müxtəlif layihələrdən söz açdı.
Namizədlər haqqında ətraflı məlumat verən A.Əliyeva onların fəaliyyəti ilə bağlı müsbət fikirlərini səsləndirdi, şuranın işini uğurla davam etdirəcəyinə əminliyini ifadə etdi.
İSİ Yeni Azərbaycan Partiyasının (YAP) ərazi təşkilatının sədri Zülalə Cəbiyeva, İSİ-nin elmi katibi Zəhra Əzizova və institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva çıxış edərək namizədlərlə bağlı fikirlərini bildirdilər. Elmi müəssisənin icitmai işlərində yaxından iştirak edən bu gənclərin vətənpərvərliyindən, yüksək bilik və bacarıqlarından söz açdılar.
Tədbir iştirakçılarına minnətdarlığını ifadə edən elmi işçi Səyyarə Hidayətzadə çıxış edərək namizədlərə uğurlar arzuladı, fəlsəfə doktorluğu üzrə dissertasiya işinin üzərində çalışdığını və bu səbəbdən zamanının məhdud olduğunu bildirərək namizədlikdən könüllü şəkildə imtina etdi.
Sonra şura üzvləri tərəfindən namizədlərlə bağlı fikir mübadiləsi aparıldı, açıq səsvermə keçirilərək kiçik elmi işçi Lamiyə Nəcəfova GAMŞ sədri, baş mütəxəssis Nərmin Abbaszadə və böyük laborant Rüstəm Əzimov sədr müavinləri, kiçik elmi işçi Rayihə Niyazova isə şuranın katibi seçildi.
İnstitutun rəhbərliyinə və şura üzvlərinə göstərilən etimada görə təşəkkürünü ifadə edən Lamiyə Nəcəfova çıxışında Azərbaycanın mühüm tarixi-siyasi dövrdən keçdiyini qeyd edərək məhz bu dövrdə gənclərin rolunun önəminə toxundu, şuranın gələcək fəaliyyətini uğurla davam etdirəcəyinə inamını bildirdi.
Tədbirin sonunda Ə.Sadıqov seçilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.