AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna MEA-nın V.M. Qluşkov adına Kibernetika İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
06.01.2022 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2021-ci il dekabrın 25-dən 30-dək Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olmuşdur.
Ezamiyyətin əsas məqsədi AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna MEA-nın V.M. Qluşkov adına Kibernetika İnstitutu arasında 20 iyul 2021-ci il tarixində imzalanmış əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı bir sıra elmi-təşkilati məsələlərin həlli, aparılan birgə tədqiqatların nəticələrinin müzakirəsi, həmçinin birgə elmi-tədqiqat layihəsinin hazırlanması olmuşdur.
Ezamiyyət müddətində Ukrayna MEA-nın vitse-prezidenti akademik Boqdanov Vyaçeslav Leonidoviçlə görüşən Ə.Sadıqov işğal altında olan torpaqlarımızın azad edilməsi, ordumuzun yüksək hazırlıq səviyyəsi, onun müasir texnologiyalara əsaslanan silahlara və döyüş texnikasına malik olması, elmin və alimlərin ordu quruculuğundakı rolu, son illər Azərbaycan Milli Elmlər Akademilasında, o cümlədən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda həyata keçirilmiş islahatlar və əldə olunmuş nailiyyətlər, habelə AMEA-nın beynəlxalq əlaqələrinin genişləndirilməsi, azərbaycan elminin dünya elminə inteqrasiyası üçün atılan konkret addımlar barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı Ukrayna MEA-da aparılan elmi tədqiqatların əsas istiqamətləri, tətbiq olunan maliyyələşdirmə mexanizmləri, innovasiya fəaliyyəti, kadr hazırlığı və beynəlxalq əlaqələr kimi vacib məsələlərə toxunan akademik Boqdanov V. L. Azərbaycan − Ukrayna elmi əlaqələrinin inkişaf etdirilməsinin zəruri olduğunu qeyd etmişdir.
Daha sonra Ə. Sadıqov Ukrayna MEA Rəyasət Heyətinin üzvü, Ukrayna MEA-nın İnformatika bölməsinin akademik-katibi, V.M.Qluşkov adına Kibernetika İnstitutunun elmi işlər üzrə direktor müavini akademik Ximiç Aleksandr Nikolayeviçlə görüşmüşdür. Görüşdə V.M.Qluşkov adına Kibernetika İnstitutunun elmi katibi, fizika-riyaziyyat elmləri doktoru Yerşov Serqey Vladimiroviç və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna MEA-nın V.M. Qluşkov adına Kibernetika İnstitutu arasında əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı təyin olunmuş əlaqələndirici şəxs, İnstitutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Stesyuk Pyotr İvanoviç də iştirak ediblər.
Görüş zamanı iki elmi müəssisə arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi və daha da genişləndirilməsi məqsədilə idarəetmə, sistemli analiz, riyazi modelləşdirmə, optimallaşdırma və süni intellektin ümumi nəzəriyyəsinin və metodlarının işlənib hazırlanması, həmçinin müxtəlif səviyyəli və məqsədli intellektual idarəetmə sistemlərinin qurulması üçün üsul və vasitələrin işlənməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edilmişdir.
Bundan başqa bir sıra elmi və elmi-təşkilati məsələlər, o cümlədən birgə tədqiqatların aparılması, kadr hazırlığı, elmi layihələrin hazırlanması və yerinə yetirilməsi, elmi konfransların təşkili və keçirilməsi, habelə elmi jurnalların reytinqinin yüksəldilməsi, elmi ədəbiyyat mübadiləsi, gənc tədqiqatçıların qısa və uzunmüddətli stajkeçməyə qəbul edilməsi və s. kimi məsələlər müzakirə olunmuşdur.
Akademik Ximiç A.N. Azərbaycan − Ukrayna elmi əlaqələrindən, o cümlədən Ukrayna MEA-nın V.M. Qluşkov adına Kibernetika İnstitutu ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arsındakı əməkdaşlığın tarıxindən bəhs edərək bu əməkdaşlığa böyk əhəmiyyət verdiklərini qeyd etmişdir. O, institutun elmi jurnallarının redaksiya heyətlərində azərbaycanlı alimlərin təmsil olunduğunu, xeyli sayda məqalələrin dərc edildiyini, onların həmçinin rəyçi qismində çıxış etdiklərini xüsusilə vurğulamışdır. Eyni zamanda akademik Ximiç A.N. beynəlxaq layihələrdə kollaborasiyanın qənaətbəxş olmadığını və ona görə də bu sahəyə diqqətin artırılmasının vacibliyini qeyd etmişdir.
İnstitutun elmi katibi, fizika-riyaziyyat elmləri doktoru Yerşov Serqey Vladimiroviç əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı bütün elmi-təşkilati məsələlərin müntəzəm olaraq tərəflərlə razılaşdırıldığını və həll edildiyini bildirmişdir. İnstitutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Stesyuk Pyotr İvanoviç isə əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı tədbirlər planının hazırlandığını və ardıcıl olaraq yerinə yetirildiyini bildirmişdir.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov Mürəkkəb sistemlərin etibarlılıq nəzəriyyəsinin riyazi metodları, Diskret optimallaşdırma metodları, Mürəkkəb sistemlərin riyazi modelləşdirilməsi və təhlili, Ədədi üsullar və kompüter modelləşdirməsi, İdarə olunan proseslərin optimallaşdırılması, Real vaxt rejimində video sistemlər, Tətbiqi informatikanın riyazi problemləri, Ekologiya və energetika proseslərinin riyazi modelləşdirilməsi metodları şöbələrində aparılan tədqiqatlarla tanış olmuş və Avropa Komissiyasının elan etdiyi “Horizon Europe” müsabiqəsinə təqdim etmək üçün birgə elmi-tədqiqat layihəsinin hazırlanması barədə ilkin razılıq əldə edilmişdir. Ə.Sadıqov həmçinin Ukrayna MEA-nın "SKİT" superkompüter kompleksindən kollektiv istifadə mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.