Tanınmış alim Gülçin Abdullayevanın anadan olmasının 75 ili tamam olur
20.01.2022 / Maraqlı məlumatlar2022-ci il yanvarın 20-də İdarəetmə Sistemləri İnstitutunun İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, intellektual sistemlər sahəsində tanınmış alim Gülçin Gülhüseyn qızı Abdullayevanın anadan olmasının 75 ili tamam olur.
Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Gülhüseyn Hüseynoğlu Azərbaycanın xalq yazıçısı, professor, anası Məsudə xanım isə Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuşdur. Gülçin xanım 1965-ci ildə 150 saylı tam orta məktəbi Qızıl medalla bitirib, həmin ildə bir imtahanla Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.
1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantura pilləsində qiyabi şəkildə təhsil almış və 1979-cu ildə «Məxsusi inteqralların requlyarlaşdırılması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
G.Abdullayeva çoxşaxəli iş fəaliyyətinə 16 noyabr 1970-ci ildə Elmlər Akademiyasının Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) başlamış və kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri və laboratoriya rəhbəri vəzifəsində çalışmışdır.
Görkəmli alim ilk dəfə olaraq sinqulyar operatorların hesablanmasına Tixonov mənada qeyri-korrekt yanaşma təklif etmiş və bu üsulu işləmişdir. 1970-1985-ci illərdə o, sinqulyar operatorların qapalı və açıq konturlar üzərində təqribi hesablanması, təklif etdiyi sinqulyar operatorların requlyarlaşdırılması üsulu ilə xətti və qeyri-xətti sinqulyar inteqral tənlikləri həlli etmiş və bu nəticə SSRİ Elmlər Akademiyasının illik hesabatında öz yerini tutmuşdur.
G.Abdullayeva 1986-cı ildən başlayaraq süni intellekt nəzəriyyəsi ilə müntəzəm məşğul olmağa başlayır və 1991-ci ildən onun bu sahədə əldə etdiyi elmi nəticələr və tətbiqlər bu günə qədər davam edir. Bu illər ərzində xalq təsərrüfatının müxtəlif sahələrini əhatə edən ekspert sistemləri işləmiş və tətbiq etmişdir. “Kəskin qarın”, “Dəm qazı”, “Ortopediyada cərrahi müdaxiləyə məsləhətlər”, “Müstəvidə mürəkkəb təsvirlərin tanınması (USM)” kimi əsas işlərini tibb sahəsinə aid etmək olar. “İltihabi travmatologiyada intellektual sistem” və s. intellektual sistemləri də misal çəkmək olar.
Geniş elmi fəaliyyəti olan alimin “Əski əlifbanın tanınması”, “Azərbaycan əl xalılarının tanınma və identifikasiyası”, “Kataloqların yaradılması”, texnika sahəsində “Təyyarə mühərrikinin vəziyyətinin diaqnostika və proqnozu”, neftçıxarma sanayesində avadanlığı diaqnostika və proqnoz edən qeyri-səlis model üzərində intellektual sistem, mədən geofiziki araşdırmalarında seçim və qərar qəbuletmə intellektual sistemi, neftqaz yataqları üçün inteqrallaşmış qərar qəbuletmə ekspert sistemi və s. işləri mövcuddur.
Görkəmli alim 1974-cü ildən başlayaraq pedoqoji fəaliyyətdədir. O, 1974-1983-cü illərdə BDU Tətbiqi riyaziyyat fakültəsində “Riyazi analiz” fənnini aparmışdır, sonralar Azərbaycan Tibb Universitetində “Tibbi kibernetika”, BDU-da “Süni intellekt və ekspert sistemləri”, Azərbaycan Memarlıq və İnşaat universitetində “İntellektual sistemlər” və s. fənnlərdən dərs demişdir.
148 elmi məqaləsi dərc edilən alim 5 Avrasiya və Respublika patentinin müəllifidir. Onun monoqrafiyalarından “İsbata əsaslanan tibbdə informasiya texnologiyaları” Canadian Society for International Health təşkilatının sifarişi ilə, “Information Technologies in Toxicology” Almaniyada çap edilmiş, “İntellektual diaqnostika sistemləri” isə 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elan etdiyi müsabiqədə birinci yer tutmuşdur. Kadr hazırlığı sahəsində də mühüm töhfələri olan alim texnika və tibb sahəsində fəlsəfə doktorları yetişdirib.
G.Abdullayeva 2003-cü ildən D 01.121 dissertasiya Şurasının elmi seminarının elmi katibi, hazırda isə D1.20 dissertasiya Şurasının elmi seminarının elmi katibidir.
Görkəmli alim 2004-2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkisafı Təşkilatının qrantını almış, 2005-ci ildə elmi fəaliyyətinə görə «Tərəqqi» Dövlət medalı ilə təltif olmuş, 2008-ci ildə Ümumdünya İntellekt Mülkiyyəti Təşkilatı tərəfindən mükafatlandırılmış, 2017-ci ildə “ İlin Alimi” adına layiq görülmüşdür. 2004-cü ildən “Qadınlar elmdə və təhsildə” Beynəlxalq Təşkilatın üzvüdür. 2014-cü ildən Əmək veteranıdır. Alim, həmçinin Ukrayna və Rusiya elmi konfranslarının elmi komitələrinin üzvüdür.
“XX əsr – Azərbaycan qadınları”, “Azerbaijani Mathematicians XX Century”, “Женщины-математики России и Азербайджана” məcmularında G.Abdullayevanın həyat və elmi yaradıcılığı haqqında məlumat verilir. Alim elmi-pedaqoji fəaliyyəti ilə bərabər institutun ictimai həyatında da fəal iştirak edir.
Dünya elminə mühüm töhfələr bəxş etmiş görkəmli alim Gülçin Abdullayevanı 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!