Görkəmli alim Ağası Məlikovun anadan olmasının 65 ili tamam olur
01.01.2022 / Maraqlı məlumatlar1 yanvar 2022-ci ildə “Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ağası Məlikovun anadan olmasının 65 ili tamam olur.
Ağası Məlikov 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “riyaziyyat” ixtisasını bitirmiş, 1984-cü ildən texnika elmləri namizədi, 1992-ci ildən isə texnika elmləri doktorudur. O, namizədlik dissertasiyasını Kiyev Avtomatika İnstitutunda, doktorluq dissertasiyasını Kiyev Politexnik İnstitutunda müdafiə etmişdir. Bu dissertasiyaların elmi rəhbəri və məsləhətçisi tanınmış riyaziyyatçı və kibernetik, Ukrayna MEA-nın akademiki V.S.Korolyuk olmuşdur. 2001-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Ağası Məlikov dünyanın nüfuzlu jurnallarında çap olunan 250-dən çox məqalənin və onlarla dərslik və dərs vəsaitinin müəllifidir. Onun xarici nəşriyyatlarda monoqrafiyaları çap olunmuşdur. Onun redaktorluğu ilə İntech nəşriyyatında 2011-ci ildə Cellular Networks adlı 450 səhifəlik məqalələr toplusu nəşr olunmuşdur.
Görkəmli alim uzun illərdir tətbiqi riyaziyyatın mühüm sahəsi olan tətbiqi ehtimal nəzəriyyəsi və onun müxtəlif sahələrdə, özəlliklə teletrafik şəbəkələrində və ehtiyatların idarə edilməsi sistemlərində tətbiqi ilə məşğul olur. Bu illər ərzində A.Z.Məlikov idarə olunan prioritetləri olan çoxselli xidmət sistemlərinin riyazi nəzəriyyəsini yaratmış və onları neft məhsulları ilə təminetmə sistemlərində tətbiq etmişdir. 1993-2013-cü illərdə onun əsas tədqiqat obyekti kommunikasiya şəbəkələri olmuşdur; bu şəbəkələrin riyazi analizi üçün yanaşma yaratmış və onların keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması sahəsində uğurlu nəticələr almışdır. Bu sahədə onun nəticələri bir çox nüfuzlu elmi jurnallarda çap olunmuşdur.
A.Məlikov son illərdə professorlar A. Krishnamoorthy, S. Chakravarhty və J. Sztrik ilə birgə geniş tədqiqatlar aparır və bu tədqiqatların nəticələri Q1 siyahısına daxil olan Mathematics jurnalında dörd məqalə çap etdirmişdir. O, həmçinin MDB ölkələrindəki tanınmış elmi məktəblər və alimlərlə də sıx əməkdaşlıq edir. Bunların içərisində Ukrayna, Belarusiya və Rusiyadakı elmi mərkəzləri qeyd etmək olar.
Son illərdə Ağası Məlikov Hindistanın 3 Universitetində keçirilən doktorluq disstertasiyası üzrə şuranın üzvü, o cümlədən iki dəfə şuranın sədri olmuşdur. Onun WoS Core Collection siyahısına bu günki günə kimi 85 əsəri daxil edilmişdir.
A.Məlikov bir neçə nüfuzlu jurnalın redaksiya heyətinin üzvüdür, onlardan 2-si “Applied Mathematics” (ABŞ) və “Applied and Computational Mathematics” (Azərbaycan) Science Citation İndex (Expanded) siyahısına daxildirlər. Bundan başqa o ABŞ-da çap olunan “American Journal of Operational Research” jurnalının ilk baş redaktoru olmuşdur. Bir sıra nüfuzlu jurnalların rəyçisidir. Bunlar içərisində “Annals of Operations Research” (Springer), “Automation & Remote Control” (Springer), “Physical Communications” (Elsevier), “Applied and Computational Mathematics”, “Internet of Things” (Elsevier), “Applied and Computational Mathematics International Journal” (Springer), “Mathematics (MDPI), Hacettepe Journal of Mathematics and Statistics (Turkey) jurnallarını qeyd etmək olar.
Onun ifrat böyük ölçülü Markov zəncirlərinin stasionar paylanmasını hesablanmaq üçün təklif etdiyi üsul dünya alimlərinin xüsusi diqqətini cəlb etmiş və tez-tez istinad olunan icmal məqaləsində bu üsul Məlikov üsulu adlandırılmışdır.
Ağası Məlikov 2009-cu ildən həm də Milli Aviasiya Akademiyasında “Kompüter Sistemləri və Proqramlaşdırma” kafedrasının müdiri kimi təhsil prosesində aktiv iştirak edir. Onun rəhbərliyi altında “İnformasiya sistemləri və texnologiyaları mühədisliyi” və “Kompyuter mühədisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığında istifadə olunan çoxlu sayda dərslik, dərs proqramları və vəsaitləri hazırlanıb tədris prosesində istifadəyə verilmişdir. O, göstərilən ixtisaslar üzrə həm bakalavr, həm də magistr proqramları üzrə fundamental fənnlərdən mühazirə dərsləri aparır.
Çoxşaxəli elmi fəaliyyəti olan alim texnika elmləri üzrə 15 fəlsəfə doktoru və 2 texnika elmləri doktoru hazırlamışdır və hazırda bir neçə dissertanta rəhbərlik edir.
Dünya elminə mühüm töhfələr bəxş etmiş görkəmli alim Ağası Məlikovu 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!