
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının elmi məqaləsi Scopus bazasına daxil olan nüfuzlu jurnalda çap edilib
05.08.2022 / Nəşr fəaliyyəti
İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevanın həmmüəllifi olduğu “Müasir Rəqabətlilik Şəraitində Rəqəmsal İqtisadiyyatın Tənzimlənməsi” adlı məqalə ABŞ-da nəşr olunan, Scopus bazasında indekslənən “WSEAS Transactions on Business and Economics” adlı nüfuzlu elmi jurnalın 19-cu cildində işıq üzü görmüşdür.
Sözügedən məqalə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın tənzimlənməsinin əsas istiqamətlərinə həsr edilmişdir. Məqalədə son illər dünyanın bütün ölkələrində rəqəmsal iqtisadiyyat sahəsində müşahidə olunan artım templəri nəzərdən keçirilmiş və təhlillər aparılmışdır. Aparılan təhlillər göstərir ki, beynəlxalq reytinq hesabatlarında Azərbaycan Respublikası iqtisadi inkişaf göstəricilərinə görə iqtisadi mövqeyini ildən-ilə artırmaqdadır. Bütün bu proseslərə ölkədə səmərəli iqtisadi siyasətin həyata keçirilməsi, müasir rəqəmsal iqtisadiyyatın inkişafı, xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması kimi amillər müsbət təsir göstərir.
Məqalədə həmçinin, Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyat sahəsində beynəlxalq təcrübə əsasında aparılan davamlı islahatlar təqdim olunmuş, həyata keçirilən tədbirlər, eləcə də bu sahədə mövcud problemlər təhlil edilmişdir.


