
İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransı keçirilir
09.09.2022 / Mühüm xəbərlər
9 sentyabr 2022-ci il tarixində Naxçıvan şəhərində İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə Beynəlxalq Şərq Konfransının açılış tədbiri keçirilib.
Konfransın plenar iclasında İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “NLP texnologiyalarının tətbiqi ilə Azərbaycan dilində insan-kompüter interfeysinin yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Ə.Abbasov insan-kompüter interfeyslərinin təkamülündən bəhs edərək səsli interfeyslər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, digər interfeyslərdən fərqli olaraq səsli interfeyslər insan-kompüter qarşılıqlı əlaqəsini danışıq vasitəsilə və ana dilində həyata keçirməyə imkan verir.
Azərbaycanda səs texnologiyalarının tədqiqinə 2000-ci illərin əvvəllərində başlanıldığını bildirən akademik 2011-ci ildə hazırlanan Dilmanc Mikro kompüter layihəsindən bəhs edib.
Ə.Abbasov qeyd edib ki, Az resurslu dillər üçün NLP sistemləri yaratma yönümlü korpusların hazırlanması İdarəetmə Sistemləri İnstitutu ilə Robotronics firmasının əməkdaşlığı çərçivəsində həyata keçirilib. Bu əməkdaşlığın nəticəsində isə 7000 saata yaxın nitq korpusu, 300 milyon cümlədən ibarət mətn korpusu (təxminən 3 milyard söz formadan ibarət), 1 milyona yaxın söz formadan ibarət tələffüz korpusu və digər korpuslar hazırlanmışdır.
Akademik bildirib ki, Azərbaycan dilində NLP sistemlərinin təhsildə tətbiqnin önəmli məqamlarından biri də virtual müəllim proqram təminatının yaradılması sahəsində işlərə start verilməsidir.
Qeyd edək ki, IECHCI2022, “Naxçıvan” Universiteti, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Türkiyənin Orta Doğu Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Təqdim olunan məqalələrin insan-kompüter qarşılıqlı əlaqəsi sahəsində mürəkkəb və innovativ mövzular, nəzəriyyələr, inkişaflar və tətbiqlər üzrə tədqiqatları əhatə etməsi gözlənilir.


