İdarəetmə Sistemləri İnstitutunun 2022-ci il üzrə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatı dinlənilib
22.12.2022 / Tədbirlər20 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” qərarının icrasının təmin edilməsi məqsədilə İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib. İclasda AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, akademik Yusif Məmmədov, akademik Cavad Abdinov, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri iştirak ediblər.
İclası akademik Rasim Əliquliyev açaraq iştirakçılara gündəlikdən irəli gələn məsələlərlə bağlı məlumat verib.
Tədbirdə, həmçinin t.e.d. Fəhrad Paşayev 70, dosent Gülçin Abdullayeva 75 və dosent Rauf Qədimov 80 illik yubileyləri ilə əlaqədar Azərbaycan elminin inkişafında göstərdikləri xidmətlərə görə FRTEB-in Fəxri Fərmanı ilə təltif olunublar.
Ümumi yığıncaqda İdarəetmə Sistemləri İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasının 2022-ci il üzrə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları dinlənilib.
Rəhbərlik etdiyi müəssisənin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov qeyd edib ki, institutun alimləri tərəfindən cari ildə müəyyənləşdirilmiş elmi istiqamətlər üzrə müxtəlif mərhələlərdə tədqiqat işləri aparılmış və uğurla başa çatdırılmışdır. Akademik idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi institutun əsas elmi istiqamətləri üzrə görülən işlərdən ətraflı şəkildə bəhs edib. Ə.Abbasov qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq həyata keçirilən «Əşyalar interneti» əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə, uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən söz açıb.
Əldə olunan mühüm elmi nəticələri nəzərə çatdıran akademik küyün yüksək tərtib statistik xarakteristikalarının qiymətlərinin hesablanması üçün alqoritmlərin işlənib hazırlanması, geniş diapazonda sistemlərin fəaliyyətini pozan və qeyri-sabitliyə səbəb olan qəfil dəyişən rejimlərin modelləşdirilməsi metodologiyası, qeyri-lokal başlanğıc və sərhəd şərtli parabolik tənlik üçün tərs mənbə məsələləri sinfinin tədqiq olunması və s. haqqında geniş məlumat verib. Bildirib ki, cari ildə institutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələr Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşib. Ə.Abbasov qeyd edib ki, il ərzində 7 elmi tədqiqat işinin nəticələri Azneft İB-nin Bibiheybət mədənindəki quyular, Zəngilanın Ağalı kəndi, Dövlət İmtahan Mərkəzi, Milli Aviasiya Akademiyası və s. kimi dövlət əhəmiyyəli qurumlarda müxtəlif sahələr üzrə praktiki olaraq uğurla tətbiq edilib.
Akademik Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat proqramlarının müsabiqəsinə təqdim olunan «Pilotsuz uçuş aparatının idarə olunması üçün proqram təminatının və müvafiq interfeysin yaradılması» və «Çağrı mərkəzləri üçün intellektual məlumat-sorğu sisteminin yaradılması» layihələri qeyd edərək bu haqda ətraflı məlumatın müvafiq formatda keçiriləcək tədbirdə təqdim olunacağını bildirib. Alim, həmçinin institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunun cari ildə istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən söz açıb.
İnstitutun baş direktoru cari ildə alınmış patent və qrantlar haqqında məlumat verib. Qeyd edib ki, 2022-ci ildə, 6-sı Avrasiya və 1-i respublika olmaqla, ümumilikdə 7 patent alınıb, 6-sı Azərbaycan Elm Fondunun elan etdiyi “Əsas Qrant Müsabiqəsi - 2022” və 1-i Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində olmaqla, qrant layihəsinin müsabiqələrinə institutun əməkdaşları tərəfindən ümumilikdə 7 layihə təqdim edilib.
Ə.Abbasov 19 avqust 2021-ci ildə elan edilən “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibləri olan «İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi», «İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi» və «Süni intellekt üzrə milli standartların işlənməsi» layihələri çərçivəsində yerinə yetirilmiş və nəzərdə tutulmuş işlərdən söz açıb.
Kadr hazırlığı istiqamətində görülən işlərdən danışan alim cari ildə İSİ-də yüksək ixtisaslı kadr potensialının inkişaf etdirilməsi baxımından gəncləşdirmə siyasətinin uğurla həyata keçirildiyini qeyd edib. Bildirib ki, institutda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertantura, həmçinin magistratura pillələri mövcuddur. Akademik 2022-ci ildə institutun əməkdaşları tərəfindən 4 elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiya işlərinin uğurla müdafiə edildiyini, müdafiəyə təqdim etmək üçün isə 5 fəlsəfə doktorluğu dissertasiya işinin başa çatdırıldığını vurğulayıb.
Elmi nəşriyyat fəaliyyətini diqqətə çatdıran Ə.Abbasov institut əməkdaşları tərəfindən 2022-ci ildə 299 məqalə (84-ü “Web of Science” və 56-sı “Scopus” bazalarında), 214 tezis, 2 kitab (2-si xaricdə), 5 dərs vəsaiti və 5 monoqrafiyanın (1-i xaricdə) çap olunduğunu, onların əsərlərinə 2400-ə yaxın istinad edildiyini bildirib.
Ə.Abbasov, həmçinin cari ildə təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda təşkil edilən konfrans və seminarlar, son 6 ilin bibliometrik göstəriciləri və elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərdən ətraflı şəkildə bəhs edib. O, xüsusilə institutun təşkilatçılığı ilə keçirilmiş 5 beynəlxalq, 1 respublika konfransı və 1 elmi sessiya haqqında ətraflı məlumat verib. İnstitut rəhbəri elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən söz açıb, www.isi.az saytının cari il üzrə müsbət inkişaf dinamikasını nəzərə çatdırıb. Qeyd edib ki, 2010-cu ildən aktiv fəaliyyət göstərən və AMEA-nın veb səhifələrə qoyduğu tələbləri tam ödəyən veb saytda informasiyalar operativ şəkildə üç dildə yerləşdirilir.
Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev cari ildə institut tərəfindən təşkil olunan konfransların beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyası baxımından önəmini vurğulayıb. F.Əliyev bu qəbil tədbirlər içərisində 3-5 fevral tarixlərində Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş Soft Computing üzrə «8-ci Ümumdünya Yumşaq Hesablamalar» və 24-26 avqustda Bakı Dövlət Universiteti ilə birgə «The 8th Conference on Control and Optimization with Industrial Applications COIA-2022» konfranslarının əhəmiyyətini xüsusilə vurğulayıb. Son illər ərzində İSİ-də həyata keçirilən elmi tədqiqat işləri, alınan patentlər, qrantlar, kadr hazırlığı və elmin populyarlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən alim institutun kollektivinə növbəti ildə müvəffəqiyyətlər arzu edib.
Sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribov institutda aparılan müasir dövrün tələblərinə cavab verən aktual, praktiki əhəmiyyətli tədqiqatları, dünyanın nüfuzlu qurumları ilə yaradılan mühüm əməkdaşlıq əlaqələrini, gələcəyə hədəflənən prioritet elmi istiqamətləri təqdirəlayiq hesab edib. A.Qəribov cari ildə institutun 300.000 manat təşkil edən büdcədən kənar maliyyə vəsaitini xüsusi qiymətləndirib.
Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov institut rəhbərliyi adından hesabatların mütəşəkkil şəkildə təşkil olunması ilə bağlı AMEA rəhbərliyinə təşəkkürünü ifadə edib. Növbəti ildə elmin inkişafı, elmlə təhsilin inteqrasiyası istiqamətində qarşıda duran vəzifələr və problemlərdən bəhs edən Ə.Sadıqov elmin kommersiyalaşdırılması, gənc kadrların elmə cəlb olunması istiqamətində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsilə bağlı təkliflərini səsləndirib.
Sonra İSİ-nin laboratoriya müdiri, SİNAM MMC-nin prezidenti Elçin Əliyev çıxış edərək İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, ölkədə rəqəmsal inkişafın təşviq edilməsi, xarici investisiyaların, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi istiqamətində aparılacaq birgə tədqiqatlarla bağlı təkliflərini səsləndirib, qarşıda duran vəzifələrdən bəhs edib.
Daha sonra akademik R.Əliquliyev idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi aktual elmi istiqamətlərdə tədqiqatların AMEA çərçivəsində məhz İSİ-də aparılmasının önəmini vurğulayıb, müvafiq sahələrin mütəxəssislərinə Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində aparılacaq gələcək tədqiqatlarla bağlı müvəffəqiyyətlər arzulayıb. Akademik institutun həyata keçirilən fundamental tədqiqatlar, kadr potensialı, cari ildə əldə olunan yüksək elmi statistik göstəricilər baxımından tədqim olunan hesabatı müsbət qiymətləndirib, müasir dövrün çağırışlarına cavab verən praktiki əhəmiyyətli məsələlərin tədqiqi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini səsləndirib.
Sonra açıq səsvermə keçirilərək hesabat bölmə üzvləri tərəfindən yekdilliklə qəbul olunub.