İdarəetmə Sistemləri İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
09.03.2023 / TədbirlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycan qadının tarixin müxtəlif dövrlərində cəmiyyətdə tutduğu yüksək mövqedən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda layihənin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Akademik qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsinə hədəflənən dövlət qadın siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadını sosial həyatın bütün sahələrində aktiv iştirak edir. Azərbaycan elminin inkişafında önəmli rol oynayan qadın alimlərdən bəhs edən Ə.Abbasov institutun əməkdaşı, Azərbaycanda ilk riyaziyyatçı qadın, t.e.d., professor Tamilla Nəsirovanın zəngin elmi fəaliyyətini xüsusilə qeyd edib. Rəhbərlik etdityi müəssisədə çalışan xanımlara institutun elmi və ictimai istiqamətlərdəki inkişafında nümayiş etdirdikləri fəallığa, bəxş etdikləri töhfələrə görə təşəkkürünü ifadə edən akademik onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.
Sonra institutun elmi katibi, Həmkarlar təşkilatının sədri Zəhra Əzizova çıxış edərək qadınların cəmiyyətin həyatında oynadığı mühüm roldan bəhs edib, institut rəhbərliyinə elmi müəssisədə çalışan xanımlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, institutun qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, səadət, xoşbəxtlik və gələcək işlərində uğurlar arzu edib. Z.Əzizova, həmçinin institutun ictimai fəaliyyətində önəmli rol oynayan xanımları Həmkarlar təşkilatı adından Fəxri Fərmanla təltif edib.
Daha sonra İSİ-nin şöbə müdiri, Qadınlar şurasının sədri, t.üf.d. Rəna Əsədova çıxış edərək müasir dövrdə Azərbaycan qadınlarına verilən dəyər, onların elm və təhsilin inkişafında rolu, müxtəlif elmi sahələrdə qadınların əldə etdiyi uğurlardan söz açıb. Qeyd edib ki, çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. İnstitutun qadın kollektivini bu əlamətdar gün münasibətilə təbrik edən R.Əsədova elmi və ictimai fəaliyyətilə fərqlənən xanımları Qadınlar şurası adından institutun Fəxri Fərmanı ilə təltif edib.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutduğunu qeyd edib, ölkəmizin müxtəlif sahələrdə inkişafına dəyərli töhfələr verən qadınların ictimai və siyasi fəaliyyətindən bəhs edib. Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olduğunu qeyd edən Ə.Sadıqov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan qadının dünya miqyasında uğurla təmsil olunduğunu vurğulayıb. Qeyd edib ki, dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanan Azərbaycan qadınları müsəlman şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər.
Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, ailə və qadın problemlərinin həlli istiqamətində əməli tədbirlər görüldüyünü qeyd edən Ə.Sadıqov milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınlarının hazırda dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək ölkənin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətin inkişafına layiqli töhfə verdiklərini bildirib. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz xidmətləri olan, müxtəlif elmi sahələrin müasir əsaslarla yenidən qurulmasında böyük əzmlə çalışan Azərbaycan qadınlarını bu əlamətdar gün münasibətilə təbrik edən Ə.Sadıqov onlara səadət, uğur və yeni elmi nailiyyətlər arzu edib.
Tədbirin sonunda İSİ-nin Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyasının müdiri, professor Knyaz Məmmədov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova çıxış edərək bütün tarixi dövrlərdə öz istedadı, zəkası, iradəsi, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlərindən, elm və təhsilin inkişafında mühüm rolundan bəhs edib, institutun qadın əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik ediblər.