İdarəetmə Sistemləri İnstitutunda direktor hesabatı keçirilib
28.12.2023 / Tədbirlər27 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair direktor hesabatı keçirilib. İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştitak ediblər.
Rəhbərlik etdiyi müəssisənin elmi və elmi-təşkilati fəaliyyəti haqqında 2023-cü il üzrə hesabatını təqdim edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov qeyd edib ki, institutun alimləri tərəfindən cari ildə müəyyənləşdirilmiş elmi istiqamətlər üzrə müxtəlif mərhələlərdə tədqiqat işləri aparılmış və uğurla başa çatdırılmışdır. Akademik idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə görülən işlərdən ətraflı şəkildə bəhs edib. Ə.Abbasov qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə, uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən söz açıb.
Cari ildə əldə olunan mühüm elmi nəticələri nəzərə çatdıran akademik Süni intellekt üsullarının tanıma, diaqnostika, proqnoz və qərarqəbuletmə məsələlərinin öyrənilməsində tətbiqi, Fövqəladə hallar zamanı idarəetmə məsələlərinin həlli üçün identifikasiya üsullarının, riyazi modellərin və texnologiyaların yaradılması, “Ağıllı şəhər”in idarə olunması prosesində qərar qəbuletmənin dəstəklənməsi üçün “Əşyaların interneti” texnologiyalarının (IoT) tətbiqi zamanı yaranan problemlər və onların həlli yollarının müəyyənləşdirilməsi və s. haqqında geniş məlumat verib.
Qeyd edib ki, il ərzində 8 elmi tədqiqat işinin nəticələri Zəngilanın Ağalı kəndi, Dövlət İmtahan Mərkəzi, AR Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və sair kimi dövlət əhəmiyyəli qurumlarda müxtəlif sahələr üzrə praktiki olaraq uğurla tətbiq edilib. Cari ildə institutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə alınan mühüm elmi nəticələrin Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşdiyini bildirib.
İnstitutun baş direktoru, həmçinin alınmış patent və qrantlar haqqında məlumat verərək 2023-cü ildə 9 Avrasiya patentinin alındığını, 1 qrant layihəsinin müsabiqə qalibi olduğunu, 6 layihənin isə davam etdirildiyini qeyd edib. Ə.Abbasov “Pilotsuz uçuş aparatının idarə olunması üçün proqram təminatının və müvafiq interfeysin yaradılması”, “Çağrı mərkəzləri üçün intellektual məlumat-sorğu sisteminin yaradılması”, “Oktokopter vasitəsilə ağır yüklərin (100 kq-a qədər) çatdırılması və xilasetmə işlərinin aparılması üçün proqram-texniki kompleksin işlənməsi” layihələri və 19 avqust 2021-ci ildə elan edilən “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibi olan layihələr çərçivəsində yerinə yetirilən işlərdən söz açıb. Alim, həmçinin institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunun cari ildə istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən bəhs edib.
Kadr hazırlığı istiqamətində görülən işlərdən danışan alim bildirib ki, institutda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertantura pillələri mövcuddur. Akademik 2023-cü ildə institutun əməkdaşları tərəfindən 4 fəlsəfə doktorluğu dissertasiya işinin tamamlandığını və 4 fəlsəfə doktorluğu dissertasiya işinin tamamlanmaq ərəfəsində olduğunu qeyd edib.
Elmi nəşriyyat fəaliyyətini diqqətə çatdıran Ə.Abbasov institut əməkdaşları tərəfindən 2023-cü ildə 418 elmi əsərin, o cümlədən 333 məqalə (64-ü “Web of Science” və 49-u “Scopus” bazalarında), 215 tezis, 2 kitab (2-si xaricdə), 2 dərs vəsaiti və 2 monoqrafiyanın (2-si xaricdə) çap olunduğunu, onların əsərlərinə 2800-ə yaxın istinad edildiyini bildirib.
Ə.Abbasov, həmçinin cari ildə təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda təşkil edilən konfrans və seminarlar, son 5 ilin bibliometrik göstəriciləri və elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərdən ətraflı şəkildə bəhs edib. O, institutun təşkilatçılığı ilə keçirilmiş 5 beynəlxalq konfrans, 2 beynəlxalq seminar, 2 respublika konfransı və 1 elmi sessiya haqqında məlumat verib. Akademik Azərbaycanda ilk dəfə olaraq virtual robotların təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiyanın əhəmiyyətini xüsusilə vurğulayıb.
İnstitut rəhbəri elmin populyarlaşdırılması istiqamətində görülən işləri nəzərə çatdıraraq www.isi.az saytının cari il üzrə müsbət inkişaf dinamikasını təqdim edib.
Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, açıq səsvermə keçirilərək hesabat yekdilliklə qəbul olunub.
Daha sonra gündəlikdən irəli gələn bir sıra cari məsələlərə baxılıb.