“Qalib xalqın qalib lideri”
15.02.2024 / Mühüm xəbərlər2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq növbədənkənar prezident seçkiləri keçirildi. Suveren haqları tam bərpa edilən vətəndaşlar konstitusion hüquqlarını həyata keçirərək növbəti 7 il üçün dövlət rəhbərini seçdilər. Xalqımız bu seçkilərdə “Qalib xalqın qalib lideri” şüarı altında böyük ruh yüksəkliyi ilə iştirak etdi, xoşbəxt və firavan gələcəyinə səs verdi. Beynəlxalq və yerli müşahidə əsasında şəffaf şəkildə həyata keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu.
Növbədənkənar prezident seçkiləri 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il baş verən uğurlu antiterror əməliyyatlarının tarixi ardıcıllığı kimi “lider-xalq” birliyinin növbəti nümunəsinə çevrildi, cənab İlham Əliyev 92,05 faiz səslə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə xalqımızın öz liderinə sonsuz etimadının təzahürü idi. Bu tarixi hadisənin özünəməxsus cəhətlərindən biri də Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsi oldu.
Bu bir həqiqətdir ki, cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən iyirmi il ərzində ölkəmiz böyük tarixi yol qət edərək dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmiş, siyasi-iqtisadi, sosial-mədəni tərəqqi baş vermiş və böyük zəfərə imza atılmışdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, vətəndaşların rifah halının yüksəldilməsi və ərazi bütövlüyünün bərpası məhz onun adı ilə bağlıdır. Hazırda Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi həm beynəlxalq aləmdə, həm regionda nümunə rolunu oynayır.
Ölkəyə rəhbərlik etdiyi uzun illər ərzində əsas qayəsi vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olan cənab İlham Əliyev uzaqgörən siyasi iradəsi nəticəsində ötən 20 ildə öz xalqına verdiyi hər bir vədi yerinə yetirdi. Bu parlaq tarixi dövrün ən şanlı səhifəsi də sözsüz ki, 44 günlük Vətən müharibəsi idi. Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə müzəffər Azərbaycan Ordusu əks-hücüm əməliyyatına başladı. Məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi arenada mütləq qələbəsi ilə nəticələndi. Uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımız düşməndən azad edildi, xalqın doğma yurd həsrətinə 44 gündə son qoyuldu.
İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan zəfərlə ölkə başçısı cənab İlham Əliyevin adı qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi əbədi olaraq tarixə yazıldı. Lokal xarakterli antiterror əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və ötən ilin oktyabr ayında Xankəndi və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması ölkə başçısının uzaqgörən siyasi iradəsinin təcəssümü oldu.
Əldə olunan tarixi zəfərin siyasi ardıcıllığı olaraq AR Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qəbul olunması işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində atılan mühüm addımlardan biri oldu. Beləliklə, işğaldan azad olunmuş ərazilərdə ekoloji və tarixi-mədəni irs nümunələrinin bərpası, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaqların minalardan təmizlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi, “yaşıl enerji”nin istehsalı, “ağıllı” yaşayış məntəqələri və infrastrukturun formalaşdırılması prosesləri həyata keçirildi. Bu baxımdan uzaqgörən siyasi lider İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq hazırda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Beləliklə, 7 fevral 2024-cü il tarixindən etibarən xalqımızın və dövlətimizin həyatında yeni bir dövr başlayır. Prezident seçkilərində cənab İlham Əliyevə səs verən xalqımız əmindir ki, ötən illər ərzində qazanılan nailiyyətlərin ardı gələcək, qarşıda duran yeni hədəflər uğurla yerinə yetiriləcək.
Ölkə başçısını möhtəşəm qələbə münasibətilə təbrik edir, ona Azərbaycanın qədəm qoyduğu yeni erada şərəfli və məsuliyyətli dövləti fəaliyyətində bundan sonra da böyük nailiyyətlər azrulayıq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu