İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər
26.02.2024 / Mühüm xəbərlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. İSİ əməkdaşları Azərbaycanın dinc əhalisinə qarşı amansızlıqla törədilən Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq abidənin önünə çiçəklər düzüblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə xüsusi amansızlıq və qəddarlıqla Xocalı şəhərində həyata keçirdiyi genosid təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən bu dəhşətli cinayət aktı milli haqları uğrunda mübarizə aparan Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarının itirilməsi ilə barışmağa məcbur etmək məqsədi daşıyırdı. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini doğma yurdlarından zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Bildiyimiz kimi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində tarixi ədalət bərpa edilib, Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətən uğrunda canını fəda edən bütün şəhidlərin qisası alınıb. vətən mharibəsi nəticəsində qazanılan parlaq qələbədən sonra lokal xarakterli antiterror əməliyatlarının tam dəqiqliklə həyata keçirilməsi və ötən ilin oktyabr ayında Xankəndi, Xocalı və digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması da ölkə başçısının uzaqgörən siyasi iradəsinin təcəssümü oldu.
Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Faciə qurbanlarının əziz xatirəsi heç zaman unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!