İnformasiya Texnologiyaları və Onların Tətbiqi (ITTA 2024) adlı II beynəlxalq konfransın açılış mərasimi keçirilib
24.04.2024 / Mühüm xəbərlər23 aprel 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Tədbiri salamlama nitqi ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın əməli əhəmiyyətinə toxunaraq qeyd edib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşaiyət olunan müasir dövrün prioritetlərindən biri də informasiya texnologiyalarının inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılmasıdır. XXI əsrin məhz İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu bildirən professor G.Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların insan həyatına sürətlə inteqrasiya olduğunu vurğulayıb.
Azərbaycanda informasiya texnlogiyalarının inkişafının ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamından və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn prioritet istiqamətlərdən biri olduğunu bildirən G.Məmmədova sözügedən sahədə keçirilən əməli tədbirlərdən söz açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyalarının inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində fəaliyyət göstərən “İnformasiya texnologiyaları və sistemləri kafedrası”nın tarixindən bəhs edən alim kafedraya uzun illərdir rəhbərlik edən dünyaşöhrətli alim, AMEA-nın müşaviri, akademik Telman Əliyevə bəxş etdiyi töhfələrə görə təşəkkürünü ifadə edib.
Rektor konfransa təqdim olunan materialların “Springer” nəşriyyatında dərcinin nəzərə tutulduğunu bildirib. Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkür edən G.Məmmədova dünya alimlərilə birgə diskusiyaların aparılmasının informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov edib. Çıxışlarda “Dövlət-Özəl-Akademik” əməkdaşlıq çərçivəsində ölkədə informasiya texnologiyalarının inkişaf etdirilməsinin və dünya təcrübəsindən yararlanmağın önəmi qeyd olunub. Regionda yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən layihələrin həyata keçirilməsində informasiya texnologiyalarının rolundan bəhs edən alimlər bu sahədə qarşıda duran hədəflərdən söz açaraq konfransa öz işində uğurlar arzu ediblər.
Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib. Sessiyada AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri, akademik Telman Əliyev, Avstraliyanın Federasiya Universitetinin professoru Adil Bağırovun məruzələri dinlənilib. Bölmə iclaslarında “İntellektual sistemlərdə informasiya texnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları" və “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzuları müzakirə olunub.
Qeyd edək ki, dünyanın qabaqcıl 26 ölkəsindən, o cümlədən ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Hindistan, Tayland, İspaniya, Qazaxıstan, Özbəkistandan nüfuzlu alimlərin qatıldığı konfransa ümumilikdə 150 məqalə təqdim olunub. Təqdim olunan məruzələrdən 108-i konfrans materiallarında dərc olunmaq üzrə qəbul edilmişdir.
Hibrid formatda keçirilən və üç gün davam edəcək konfransın əsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları, süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi məsələləri daxildir.
Beynəlxalq konfransın əsas məqsədi elmi-tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.