
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçirilib

20 sentyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçirilib. Seminarda Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı, PhD Toğrul Kərimov “Diskret xətti dinamik sistemlərdə nailolma məsələsinə dair” mövzusunda məruzə edib.
Məruzə həm diskret, həm də kəsilməz xətti dinamik sistemlər üçün nailolma məsələsinə həsr olunub. Məlumdur ki, idarəetmə olmadıqda nailolma məsələsi xətti rekurent ardıcıllıqlar üçün məşhur açıq Skolem probleminə gəlir. Məruzədə nailolma məsələsi ilə ədədlər nəzəriyyəsi arasındakı əlaqələr haqqında son nəticələr, o cümlədən Diofant yaxınlaşmaları müzakirə olunub.
T.Kərimov nailolma məsələsinin mahiyyəti, nöqtənin verilmiş başlanğıc vəziyyətdən baxılan dinamik sistemlə təsvir olunan trayektoriya üzrə hərəkət edərək verilmiş hədəf çoxluğuna çatıb-çatmayacağının tədqiqindən bəhs edib. Bu tip məsələlərin diferensial tənliklərlə idarə olunan sistemlərin sınaqdan keçirilməsi zamanı meydana çıxdığını qeyd edib.
Məruzə iştirakçıların marağına səbəb olub, mövzu ətrafında müzakirələr aparılıb.