
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
08.11.2024 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Kompüter Elmləri” elmlər doktorluğu ixtisası üzrə doktorantı, t.ü.f.d. Günay Əbdiyeva-Əliyeva 21-25 oktyabr 2024-cü il tarixlərində Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) tərəfindən Avstriya Respublikasının Vyana şəhərində təşkil edilən “Kiçik Modul Reaktorları (SMR) və Onların Tətbiqləri” adlı beynəlxalq konfransda iştirak edib.
G.Əbdiyeva-Əliyeva “Kiçik Modul Reaktorlarında təhlükəsizliyin artırılması üçün Maşın öyrənmə həlləri: Əhatəli yanaşma” adlı məqaləsi ilə “SMR-lərin Kompüter Təhlükəsizliyi: Rəqəmsal Mühitin Mühafizəsi” sessiyasında çıxış edib. Məruzədə SMR-ləri müxtəlif növ kiberhücumlardan qorumaq məqsədilə real vaxt rejimində monitorinq aparmaq və anomaliyaların erkən aşkarlanması üçün qabaqcıl maşın öyrənmə alqoritmlərinin tətbiqindən bəhs edilib. Həmçinin onların performans analizini təqdim edilərək əməliyyat təhlükəsizliyini və potensial təhdidlərə qarşı dayanıqlığı artırmaq üçün həllər təklif edilib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası AEBA-nın statusuna qoşulub və təşkilatın tamhüquqlu üzvüdür.


