
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

25 noyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyevaya verib.
S.Quliyeva 2024-cü ildə institutun fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturasına və dissertanturasına qəbul edilmiş doktorantların və dissertantların elmi rəhbərlərinin, elmi məsləhətçilərinin və dissertasiya mövzularının təsdiq olunması haqqında məruzə edib. Şura üzvləri tərəfindən dissertasiya mövzuları müzakirə olunub, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.
Sonra gündəlikdən irəli gələn digər məsələlər müzakirə edilib.
Daha sonra İSİ-nin Elmi katibi Zəhra Əzizova institutun elmlər doktoru proqramı üzrə 3-cü il qiyabi doktorantı, r.ü.f.d. Sevinc Quliyevaya yeni elmi məsləhətçi təyin edilməsi haqqında məsələ ətrafında çıxış edib. Səsvermə yolu ilə müvafiq qərar qəbul edilib.
Gündəlikdən irəli gələn növbəti məsələ ilə bağlı çıxış edən İSİ-nin laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə İdarəetmə Sistemləri İnstitutu və Yunanıstanın Sessali Universitetinin birgə aparılan Erasmus proqramı üzrə işlərin gedişi haqqında məlumat verib.
Sonra Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyası, İdarəetmə sistemlərinin texniki vasitələrinin işlənilməsi üsulları laboratoriyası, Neftqazçıxarma obyektlərinin intellektual diaqnostika və idarəetmə sistemləri laboratoriyası, Texniki obyektlərin və proseslərin modelləşdirilməsi laboratoriyası və Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının 2024-cü il üzrə hesabatları dinlənilib. Şura üzvləri tərəfindən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.
Daha sonra İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev gündəlikdən irəli gələn digər məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.