İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
23.12.2024 / Xəbərlər20 dekabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. İclasda Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
İclası İSİ-nin baş direktoru, Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdən irəli gələn ilk mövzu ətrafında çıxış edən Ə.Abbasov institutun 2024-сü il üzrə elmi və elmi-təşkilati fəaliyəti haqqınıda hesabatı təqdim edib. Akademik idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə görülən işlərdən ətraflı şəkildə bəhs edib.
Cari ildə əldə olunan mühüm elmi nəticələri nəzərə çatdıran alim idarəetmə məsələləri sırasında ŞDNQ və EDN qurğuları vasitəsilə hasilatın həyata keçirildiyi qurğularında baş verə biləcək qəzaların gizli dövrlərinin küy texnologiyaları əsasında diaqnostikası, dinamik obyektlərə nəzərən tərs və optimal idarəetmə məsələlərinin dədi həll üsullarının işlənilməsi, həmiçin süni intellekt üsullarının tətbiqi ilə həll olunan məsələlərdən, o cümlədən, mətn müəllifliyini tanıyan süni neyron şəbəkəsinin işlənilməsi və s. haqqında geniş məlumat verib. Sözügedən nəticələrin Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşdiyini bildirib.
Ə.Abbasov qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq həyata keçirilən “Əşyaların interneti” (IoT) əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə, uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən söz açıb. Bildirib ki, sözügedən layihələr “Dövlət-Özəl-Akademik” əməkdaşlıq çərçivəsində AR Müdafiə Sənayesi Nazirliyi, AR Dövlət Neft Şirkəti, Dövlət İmtahan Mərkəzi və sair kimi dövlət əhəmiyyəli qurumlarda müxtəlif sahələr üzrə praktiki olaraq uğurla tətbiq edilməyə başlamışdır. Alim, həmçinin institutun nəzdində fəaliyyət göstərən “Kibernetika” Xüsusi Konstruktor Bürosunun cari ildə istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən bəhs edib.
Akademik alınmış patent və qrantlar haqqında məlumat verərək 2024-cü ildə AMEA və AR ETN-nin elmi-tədqiqat proqramları müsabiqəsi, Azərbaycan Elm Fondunun “QARABAĞ AZƏRBAYCANDIR!” müsabiqəsi, AR Dövlət Neft Şirkətinin Elm Fondunun müsabiqəsi üzrə qalib olan 7 qrant layihəsinin başa çatdırıldığını, 3 layihənin isə davam etdirildiyini qeyd edib.
Elmlə təhsilin inteqrasiyası və kadr hazırlığı istiqamətində görülən işlərdən danışan alim bildirib ki, institutda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertantura pillələri mövcuddur. Ə.Abbasov 2024-cü ildə ED 1.19 və ED 1.20 dissertasiya şuralarında 2 elmlər doktorluğu və 5 fəlsəfə doktorluğu dissertasiya işinin uğurla müdafiə edildiyini qeyd edib.
Elmi nəşriyyat fəaliyyətini diqqətə çatdıran akademik institut əməkdaşları tərəfindən 2024-cü ildə 369 elmi əsərin, o cümlədən 200 məqalə (29-u “Web of Science” və 49-u “Scopus” bazalarında), 157 tezis, 1 kitab (xaricdə), 4 dərs vəsaiti və 4 monoqrafiyanın çap olunduğunu, onların əsərlərinə 3000-ə yaxın istinad edildiyini vurğulayıb.
Ə.Abbasov, həmçinin cari ildə təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda təşkil edilən beynəlxalq konfrans və seminarlar, son 5 ilin bibliometrik göstəriciləri barədə ətraflı şəkildə danışıb. O, institutun təşkilatçılığı ilə keçirilmiş 8 beynəlxalq konfrans, 1 beynəlxalq seminar, 1 respublika konfransı və 1 elmi sessiya haqqında məlumat verib.
İnstitut rəhbəri elmin populyarlaşdırılması istiqamətində görülən işləri nəzərə çatdıraraq www.isi.az saytının cari il üzrə müsbət inkişaf dinamikasını təqdim edib.
Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin nümayəndəsi, AR Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov çıxış edərək institutda aparılan müasir dövrün tələblərinə cavab verən aktual, praktiki əhəmiyyətli tədqiqatları, dünyanın nüfuzlu qurumları ilə yaradılan mühüm əməkdaşlıq əlaqələrini, gələcəyə hədəflənən prioritet elmi istiqamətləri təqdirəlayiq hesab edib. Hesabatı müsbət qiymətləndirən alim institutun kollektivinə növbəti ildə müvəffəqiyyətlər arzu edib.
AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək cari ildə İSİ-nin elmi və elmi-təşkilati fəaliyyətilə bağlı təqdim olunan hesabatı qənaətbəxş hesab edib, təkliflərini səsləndirib.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, açıq səsvermə keçirilərək hesabat yekdilliklə qəbul olunub.
Sonra İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev t.e.d., dosent Polad Heydərova professor elmi adı verilməsi məsələsi ilə bağlı çıxış edib. E.Səbziyev bildirib ki, institut direktorunun əmri ilə yaradılmış komissiya 3 dekabr 2024-cü il tarixli iclasda Heydərov Polad Şahmalı oğluna elmi fəaliyyətinə görə professor elmi adının verilməsi haqqında təqdim edilmiş sənədləri araşdıraraq onların Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının professor elmi adının verilməsi haqqında tələblərinə uyğunluğunu təsbit etmiş və Elmi şura qarşısında vəsatət qaldırılması tövsiyə edilmişdir.
Mövzu ətrafında şura üzvləri tərəfindən müzakirələr aparıldıqdan sonra İSİ-nin laboratoriya müdiri, r.e.d. İlqar Məmmədovun rəhbərliyi ilə komissiya yaradılıb, gizli səsvermə keçirilərək t.e.d., dosent Polad Heydərova professor elmi adı verilməsi haqqında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.