
Akademik Əli Abbasovun Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında çıxışı

Hörmətli AMEA-nın Ümumi yığıncaq iştirakçıları!
Bu gün biz qonaqlarımızla birlikdə AMEA-da 2025-ci il üzrə aparılan elmi-tədqiqat işləri haqqında hesabatı müzakirə etmək üçün toplanmışıq. Artıq 2-ci ildir ki, AR Prezidenti cənab İlham Əliyevin “Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il Fərmanının imzalanmasından sonra AMEA-nın 2-ci illik hesabat müzakirəsidir ki, AR ETN-nin aktiv iştirakı ilə keçirilir. Bu da fərmanın əsas bəndlərindən biri ilə - “elm və təhsilin inteqrasiyası” tələbi çərçivəsində zəruri format təşkil edir və elmin bütün istiqamətlərini bir araya gətirir. Akademik katib ətraflı hesabatında bütün istiqamətlər haqqında və o cümlədən alınmış mühüm nəticələr barədə hərtərəfli məlumat verdi. Mən isə qısa olaraq süni intellekt, onun tətbiqi və gələcək inkişaf istiqamətləri haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Öncə AR Prezidenti cənab İlham Əliyevin yanvar ayında “AR Rəqəmsal İnkişaf Konsepsiyası” və “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında əsasnamənin təsdiq edilməsi Fərmanları ölkəmizdə bu istiqamətlərin inkişafında süni intellekt sistemlərinin geniş tətbiqi qeyd olunduğunu və bu sahəyə dövlət səviyyəsində xüsusi önəm verilməsi aydın görünür. Kütləvi informasiya vasitələrində verilən məlumatlara görə, ölkəmizdə Milli Süni İntellekt strategiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanır və yəqin ki, bu sənəd süni intellektin ölkəmizdə inkişafı üçün yol xəritəsi rolunu oynayacaq.
Belə bir zamanda hesabatda süni intellekt problemləri və ETN və AMEA-nın institutları tərəfindən bu istiqamətdə aparılan tədqiqatlar və alınan nəticələr diqqət çəkir. Azərbaycanda Sİ işlənilməsi və tətbiqi üzrə işlər çoxdan başlamış, təbii dillərin emalı (NLP) texnologiyalarının tətqiqi isə 90-cı illərdə, sürətli inkişafı isə digər aparıcı ölkələrdə olduğu kimi ölkəmizdə də 2000-ci illərdə başlanıldı və ilk nəticəmiz isə süni neyron şəbəkəsi əsasında qurulan “Dilmanc” – azərbaycan-ingilis mətn və nitq tərcümə sistemi oldu. Bu sistem təbii dil modelinə əsaslanan, Azərbaycan dili üzərində qurulan, 500 mln. cümlə, 2 mld. söz və söz birləşmələri, 10000 saat nitq bazası kimi milli DataSET-lərə əsaslanan və 110 mln. parametrli NLP sistemi kimi tətbiq olunmağa başladı. Lakin 2023-cü ildə ABŞ-ın Open AI şirkətinin işlənib hazırladığı Böyük Dil Modelinə əsaslanan ChatGPT sistemi, sonradan generativ xassəli versiyaların elan olunması milli dil modelləri əsasında qurulan sistemləri, o cümlədən Dilmanc və başqalarının həm nəzəri, həm də praktiki əhəmiyyətini geridə qoydu və bu gün bütün dünya üzrə yayılmış CPT-4o, LLAMA, BERT, DEEPSTEEK, Grok 3, yaxınlaşan multimodal GPT-5 kimi sistemlər geniş tətbiq olunmağa başlanıldı. Azərbaycanda da bu sistemlərdən geniş istifadə olunur. Lakin əsas sual bu gün Böyük Dil Modellərinə əsaslanan milli informasiya resursları üzərində qurulan və həmçinin milli Datasetlər üzərində öyrədilən (Dərin Öyrənmə) və aparıcı xarici LLM sistemlərinin potensial və real imkanlarını özündə saxlayan açıq kodlu (Open Source) süni intellekt proqram təminatının və müvafiq texniki təminatının və infrastrukturunun ölkəmizdə qurulması və geniş tətbiqidir. Bu istiqamətdə aparıcı ölkələrdə olduğu kimi bizi də süni intellektin gələcək elmi tədqiqat və tətbiqi işlərdə necə istifadə olunacağı sualı və müsbət və mənfi nəticələri haqqında sual narahat edir. Əsasən də bu sual 2024-cü il kimya üzrə Nobel mükafatına layiq görülən üç alimdən ikisi – Google DeepMind direktorları Demis Hassabis və John Jumper alimlərinin kimya və biologiya sahəsində böyük problem sayılan - zülalların üçölçülü strukturlarının proqnozlaşdırılması kimi problemin həllinə süni intellektin tətbiqi ilə nail olduqları elan olunandan sonra alimləri daha çox maraqlandırır. Yəni sual qoyulur ki, Sİ-nin intellektual qabiliyyəti insanlara yaxınlaşdıqca və sonradan ötdükdə elmi tədqiqatlar necə aparılmalıdır. Bu sual ümumiyyətlə bütün sahələrə qoyula bilər.
Problemin həllində ölkəmizdə açıq arxitekturalı, dünyanın aparıcı sistemlərinin indiki və gələcək inkişaf resurslarına və xidmətlərinə çıxış qabiliyyətini özündə saxlayan milli süni intellekt mərkəzinin və infrastrukturunun qurulması əsas şərtdir. Bu halda yerli Azərbaycan informasiya resurslarının toplanması və öyrətmə sistemində istifadəsi yerli spesifik problemlərin həllində əsaslı rol oynayacaq, asılılığımız xeyli azalacaq, həmçinin təhlükəsizlik, kommersiya və s. milli tələblərin nəzərə alınması təmin ediləcəkdir. Bu gün hesabatda AMEA-nın “Elektron Akademiya” sistemi haqqında məlumat verildi, süni intellektin tətbiqi ilə elmi göstəricilərin qiymətləndirilməsi, Milli Aviasiya Akademiyası ilə birlikdə robotun hazırlanması və nitqin tanınması və dialoq sisteminin işlənib hazırlanması, hansı ki, sərgidə nümayiş etdirildi və s. haqqında məlumat verildi. Xüsusi ilə “Elektron Akademiya” sistemində işlənilən Dərgi Parkı, İnsan Resursları Elmetrik Baza (İREMB), Rəqəmsal Elmi İnformasiya Resursları sistemi (REİRS), Nitq bazası (Speech to Text), Mərkəzi Kitabxana arxivinin rəqəmsallaşdırma sistemi Milli süni intellekt mərkəzində Datasetlərin hazırlanmasında geniş istifadə oluna bilər.
Süni intellekt sistemlərinin inkişafı və geniş tətbiqində bir sual diqqət cəlb edir ki, bu da kiber-təhlükəsizlik sistemləridir. Nəzərə alsaq ki, artıq Süni İntellekt sistemi avtonom fəaliyyət göstərə bilir, bu isə yeni problemlər və təhlükələr yaradır. Onların sərbəst olması, avtonom inkişafı və bu inkişafın da nəzarətdən çıxma problemi aktuallaşır, bunu biz fantastik əsərlərdə çox oxumuşuq. İndi də buna doğru gedilir. Doğrudan da, kibertəhlükəsizlik böyük problem sayılır, çünki get-gedə rəqəmsallaşma çoxalır. Bu gün dünyada hər il 60% rəqəmsal resurslar artır. Bütün böyük sistemlər, müasir hərbi sistemlər, bank sistemləri rəqəmsallaşır. Buna da süni intellektin mənfi təsiri çoxalır. Çünki bu gün biz artıq süni intellektdən istifadə edərək kibertəhlükəsizliyə qarşı mübarizə aparmaq istəyirik. Amma bu halda kiberhücumlarla məşğul olan xakerlər bundan istifadə edib bunu mükəmməlləşdirirlər. Belə bir vəziyyətdə çətin bir təhlükə yaranır. Onsuz da indi kibercinayətlərin vəziyyəti olduqca təhlükəlidir. Nəzərə alsaq ki, Sİ-lər avtonom rejimdə antihuman qərarlar qəbul edib nəzarətdən çıxa bilərlər, onda belə təhlükələrin nəticələrini təsəvvür etmək olar.
2023-cü ildə informasiya texnologiyaları sənayesinin dünya üzrə olan gəlirləri 5,3 trilyon dollar olub. Kibertəhlükəsizliyin vurduğu ziyan isə 8-10 trilyon dollar arasında qiymətləndirilir. Bu hətta iqtisadi paradoks yaradır. Belə çıxır ki, rəqəmsallaşdırma iqtisadi cəhətdən özünü doğrultmur. Ancaq söhbət iqtisadi ziyanda deyil, ümumiyyətlə, hətta dünyanın gələcək konfliktləri, müharibələri rəqəmsal müstəviyə keçir. Belə olan halda qlobal təhlükəsizlik ön plana keçir. Burada milli sistemlərin əsas problemi süni intellektin proqram və texniki təminatı, Data-setləri, informasiya resursları və onlar üzərində qurulan dərin öyrənmə prinsipidir.
Belə bir vəziyyətdə və gələcək problemlərin həllində və texnoloji və innnovativ inkişaf üçün süni intellekt texnologiyalarının milli asılılığın azaldılması aspektlərini nəzərə alaraq qeyd olunan yerli süni intellekt sisteminin və infrastrukturunun qurulması vacibdir. Qeyd edək ki, belə bir yanaşma yeni bir inqilabi hadisə deyil. İndi artıq bir qrup ölkələrdə belə sistemlərin yaradılmasına başlanılmışdır. Milli Elmlər Akademiyasının, Elm və Təhsil nazirliyinin iştirakı ilə keçirilən ümumi illik hesabat iclasında bununla əlaqədar hökumətə müraciət olunması ümumi iclasın qərarlar sırasına daxil edilə bilər.
Bir məqamı da qeyd etmək lazımdır ki, bu da böyük həcmli layihələrin həyata keçirilməsi “Dövlət-Özəl-Əməkdaşlığı” platforması üzərində qurulanda daha effektiv və dayanıqlı olur. Amma bu geniş qəbul olunmuş platformaya bir sütun da əlavə etsək “Dövlət-Özəl-Akademik Əməkdaşlıq” platforması üzərində innovativ layihələrin həyata keçirilməsi daha səmərəli və etibarlı olur. Haqqında danışdığımız milli mərkəzin də belə platforma üzərində qurulması daha real görünür.
Öncə akademik İsa Həbibbəyli və cənab nazir Emin Əmrullayev elmi-tədqiqatların keyfiyyət və səmərəlilik göstəricilərinin yüksəldilməsinin arzu olunduğunu qeyd etdilər və biz alimlər başa düşürük ki, bu yerində deyilmiş iraddır. Elə təsadüfi deyil ki, qeyd olunan platformada elm və təhsilin rolu xüsusi vurğulanır və innovativ layihələrin işlənib hazırlanmasında akademik iştirak çox vacibdir.
Elm və texnologiyanın inkişafını müzakirə edərkən özəl sektorun da aktiv iştirakına ehtiyac var. Məsələn, inkişaf etmiş qərb ölkələrində elmi-tədqiqat xərclərinin 50-60%-i özəl sektorun payına düşür. Məsələn, 2023-cü maliyyə ilində ABŞ-da Amazon şirkətinin elmi-tədqiqat xərcləri təxminən 73 mld. dollar təşkil etmişdir ki, bu da MDB ölkələrinin birlikdə elmi-tədqiqat xərclərindən təxminən 2 dəfə çoxdur.
İdarəetmə Sistemləri İnstitutunda qeyd olunan platforma əsasında həyata keçirilən bir neçə layihəni misal gətirmək olar:
- Texnoloji proseslərin nəzarət və idarə olunmasında institut və Xüsusi Konstruktor Bürosunda (institutun tabeliyində təsərrüfat hesablı MMG) işlənib hazırlanmış SCADA sisteminin SOCAR ARDNŞ-nin Azneft İstehsalat birliyində;
- Pilotsuz Uçuş Aparatlarının İdarəetmə sisteminin texniki və proqram təminatının işlənib hazırlanması Milli Aerokosmik Agentliyində;
- Süni İntellekt texnologiyalarına əsaslanan, Azərbaycan dili modeli əsasında işləyən virtual köməkçi sisteminin Dövlət İmtahan Mərkəzində;
təsərrüfat müqavilələri əsasında tətbiqi buna real misaldır. Bu işlərin reallaşması SİNAM şirkəti, Robotroniks, İntelPro, Neorotime startup şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, qeyd olunan layihələrin həyata keçirilməsində elmi-tədqiqat xərcləri dövlət büdcəsində nəzərdə tutulmuş maddələrdən əlavə, öncə AMEA, indi isə AR ETN-nin Elm Proqramları, Azərbaycan Elm Fondu və SOCAR-ın qrantları hesabına maliyyələşdirilir.
Ümidvarıq ki, Milli Süni İntellekt infrastrukturunun qurulması, istifadəsi və inkişafı üzrə həyata keçiriləcək işlər “Dövlət-Özəl-Akademik Əməkdaşlıq” platforması əsasında uğurla reallaşacaq.
Diqqətinizə görə təşəkkür edirəm!
akademik Əli Abbasov
20 fevral 2025-ci il