
İdarəetmə Sistemləri İnstitutunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov bu əlamətdar günün tarixindən bəhs edib, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən söz açıb. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olduğunu qeyd edən akademik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan qadının dünya miqyasında uğurla təmsil olunduğunu vurğulayıb. Qeyd edib ki, dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanan Azərbaycan qadınları müsəlman şərqində ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər.
Ə.Abbasov bildirib ki, çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Ə.Abbasov çıxışının sonunda İdarəetmə Sistemləri İnstitutunda çalışan xanımları və onların timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev, t.e.d., professor Abbas Rzayev, r.e.d. İlqar Məmmədov, t.e.d., dosent Yasin Rüstəmov, t.ü.f.d.Tofiq Babayev və elmi işçi Rüstəm Əzimov çıxış edərək bütün tarixi dövrlərdə öz istedadı, zəkası, ailəyə və vətənə bağlılığı ilə seçilən Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlərindən, elm və təhsilin inkişafında mühüm rolundan bəhs edib, institutun qadın əməkdaşlarını təbrik ediblər.


