
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
18.04.2025 / Xarici əlaqələr və Əməkdaşlıq
16-19 aprel 2025-ci il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev Özbəkistanın Daşkənd şəhərində Daşkənd Dövlət Nəqliyyat Universitetinin təşkilatçılığı ilə keçirilən "Железнодорожный Подвижной Состав: проблемы, решения, перспективы" adlı 4-cü beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.
Konfransın açılış tədbirində çıxış edən T.Babayev iştirakçıları İSİ-nin Baş direktoru, akademik Əli Abbasovun adından salamlayaraq universitet rəhbərliyinə minnətdarlığını bildirib, Orta Dəhlizlə bağlı məsələlərin müzakirəsi baxımından konfransın önəmini vurğulayıb. O, Azərbaycan və Özbəkistan arasında uzun illər davam edən əməkdaşlıq əlaqələrindən, Qarabağın bərpası və yenidən qurulmasında Özbəkistanın göstərdiyi dəstəkdən söz açıb. Həmçinin İdarəetmə Sistemləri İnstitutu və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən nasazlıqların diaqnostikası, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması və digər sahələr üzrə aparılan birgə tədqiqatların Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri nəqliyyatının inkişafı və tədqiqində son dərəcə mühüm rol oynaya biləcəyini qeyd edib.
Konfransın növbəti günü “Nəqliyyatda rəqəmsal tranformasiya və sosial-iqtisadi sistemlər” sessiyasında T.Babayev “Beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsal infrastrukturunun əsas komponentləri kimi Milli Elektron Logistika Sistemlərinin funksional vəzifələri və arxitekturası” mövzusunda, Ə.Paşayev isə “Tez xarab olan yüklərin mövcud nəqliyyat infrastrukturu vasitəsilə çatdırılma marşrutunun optimallaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. T.Babayev çıxışında 2025-ci ilin 13-15 may tarixlərində İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü beynəlxalq konfrans (PLMO2025) barədə iştirakçılara məlumat verib, məruzələr böyük maraqla qarşılanıb.


