
Dünyaşöhrətli alim, akademik Telman Əliyevin 90 yaşı tamam olur

Bu gün Azərbaycanda informatika və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın müşaviri, texnika elmləri doktoru, akademik Telman Əliyevin anadan olmasının 90 ili tamam olur.
Telman Abbas oğlu Əliyev 2 may 1935-ci ildə Goranboy rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilini M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) almış T.Əliyev təyinat ilə AEA-nın Hesablama mərkəzində (Kibernetika İnstitutu, indiki AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu) texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1988-2020 illərdə isə AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
T.Əliyev 1966-cı ildə Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V.V.Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə “Texniki kibernetika və informasiya nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1985-ci ildə professor elmi adını almışdır. Görkəmli alim 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Çoxşaxəli elmi fəaliyyəti olan alim 1958-1960-cı illərdə Azərbaycanda informatikanın inkişafında həlledici rolu olan “Elektron hesablama maşınları” laboratoriyasının əsas yaradıcısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur. Akademik kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.
Akademik 1991-ci ildə M.V.Keldış adına qızıl medalla təltif olunmuş, 1994-cü ildə UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir. O, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş, 2009-cu ildə “Əməkdar elm xadimi” adına, 2015-ci ildə isə N.Tusi adına mükafata layiq görülmüşdür. 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı ilə təltif olunub.
Son illərdə alimin rəhbərliyi altında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 500 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil “robast noise” monitorinq və idarəetmə sistemi tətbiq edilmişdir.
Dünyaşöhrətli alim T.Əliyev tərəfindən ümumilikdə 594 elmi əsər olmaqla, 500-ə yaxın xaricdə, o cümlədən Web of Science indeksli jurnallarda, həmçinin Springer nəşriyyatında “Robust Techology with Analysis of Interference in Signal Processing”, “Digital Noise Monitoring of Defect Origin” və “Noise Control of the Beginning and Development Dynamics of Accidents” adlı monoqrafiyaları nəşr edilmişdir. T.Əliyev ümumilikdə 35 monoqrafiyanın və 30-u Avrasiya patenti olmaqla 132 patentin müəllifidir. Onun elmi rəhbərliyi altında 37 fəlsəfə doktorluğu və 13 elmlər doktorluğu dissertasiyaları müdafiə edilmişdir.
İdarəetmə Sistemləri İnstitutunun kollektivi dünya elminə, o cümlədən ölkəmizdə informatika və kibernetika sahələrinin inkişafına mühüm töhfələr bəxş etmiş, nəcib insani keyfiyyətlərə malik görkəmli alim, akademik Telman Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, elmi və ictimai fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayır!
Akademik Telman Əliyevin 90 illik yubileyi cari ilin 13 may tarixində akademikin adına həsr olunan Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfransın (PLMO 2025) açılış mərasimində qeyd olunacaqdır.