
İdarəetmə Sistemləri İnstitutunda Springer Nature nəşriyyatının Şərqi Avropa üzrə vitse-prezidenti ilə görüş keçirilib
15.05.2025 / Mühüm xəbərlər
15 may 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Springer Nature nəşriyyatının Şərqi Avropa üzrə vitse-prezidenti Aleksandr Biryukovla görüş keçirilib.
Əvvəlcə İSİ-nin baş direktoru, akademik Əli Abbasov qonağa rəhbərlik etdiyi elmi müəssisənin tarixi, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, institutda həyata keçirilən elmi-tədqiqat işlərindən bəhs edib. Akademik, həmçinin İSİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar barədə məlumat verib, bu istiqamətdə mövcud əməkdaşlıq əlaqələrindən və qarşıda duran vəzifələrdən söz açıb.
Sonra çıxış edən A.Biryukov 13-15 may 2025-ci il tarixlərində keçirilən və AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 illik yubileyinə həsr olunan Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) barədə fikirlərini bölüşüb, konfransın işini müsbət qiymətləndirərək qarşıda duran vəzifələrdən söz açıb.
Görüş çərçivəsində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” və İdarəetmə Sistemləri İnstitutunun “Informatics and Control Problems” adlı beynəlxalq jurnallarının Springer Nature nəşriyyatı tərəfindən dərc olunması imkanları müzakirə edilib. Həmçinin nəşriyyatın dəstəklənməsi, İSİ-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans və tədbirlərdə nəşriyyatın kitab sərgilərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


