
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və şöbənin aparıcı mühəndis proqramçısı Xalidə Məlikova 25-27 iyun 2025-ci il tarixlərində Polşanın Katovitse şəhərində Sileziya Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən «Transport Problems» (TP‘2025) adlı XVII beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfransın “Nəqliyyatda Texnoloji Problemlər” sessiyasında E.Səbziyev “Autonomous control of collaborative robots” mövzusunda, “Dəmir yolu problemləri” sessiyasında isə X.Məlikova “Functional tasks and architecture of national elogistics systems as basic components of the digital infrastructure of international transport corridors” mövzusunda təqdimatla çıxış ediblər.
Dünyanın qabaqcıl 21 ölkəsindən alim və tədqiqatçıların iştirak etdiyi konfrans əsnasında E.Səbziyev və T.Babayev Bolqarıstan, Polşa, Özbəkistan, Gürcüstan və digər ölkələrin nümayəndələri ilə nəqliyyat və logistika sahəsində birgə tədqiqatlar və əməkdaşlıq barədə müzakirələr aparıblar. İSİ əməkdaşları Bakıda institut tərəfindən keçirilmiş PLMO2025 konfransından söz açmış, konfransa təqdim olunmuş məqalələrin Springer nəşriyyatında dərci, Scopus və Web of Science bazalarında yerləşdirilməsi barədə məlumat vermişlər. T.Babayev, həmçinin konfrans iştirakçılarına “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə növbəti, 5-ci beynəlxalq konfransın keçirilməsi barədə məlumat verib və iştirak etməyə dəvət edib.