
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
18.07.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, t.ü.f.d. İlahə Rzayeva 7-11 iyul 2025-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin qərargahında keçirilən ənənəvi “AI for Good-2025” Qlobal Zirvə Toplantısı, süni intellektin (SİI) dayanıqlı inkişaf məqsədlərinə (SDG-lərə) töhfəsini müzakirə edən aparıcı beynəlxalq tədbirdə iştirak edib.
Zirvə toplanatısı BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil edilib və BMT sisteminə daxil olan digər qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, müxtəlif dünya ölkələrinin elmi ictimaiyyəti iştirak ediblər. Tədbir çərçivəsində süni intellekt və iqlim dəyişikliyi, tədris proseslərinin fərdiləşdirilməsi və əhatəliliyin artırılması, Sİ-nin qlobal miqyasda əlçatan və faydalı olması üçün təşəbbüslər və müasir texnoloji şirkətlər üçün şəbəkələşmə imkanları mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr nəitcəsində Sİ sistemlərinin daha ədalətli və şəffaf şəkildə hazırlanması və tətbiqi, inkişaf etməkdə olan ölkələrin Sİ texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi, Sİ sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və məlumat mübadiləsinin asanlaşdırılması barəsində təkliflər irəli sürülüb.


