AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda PCI 2025 beynəlxalq konfransı keçirilib

27.08.2025 / Mühüm xəbərlər

26 avqust 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransı (PCI 2025) keçirilib. Konfrans AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universitetinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri giriş nitqi ilə İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq qonaqları salamlayıb, aktual mövzulara həsr olunan konfransın əməli əhəmiyyətinə toxunub. Qeyd edib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşaiyət olunan müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişafı və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan ilk dəfə 1998-ci ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) keçirilən konfransın önəmini vurğulayan Ə.Abbasov əsas məqsədin aktual  sahələr ətrafında əməkdaşlıq əlaqələrinin qurulması, problemlərin həlli istiqamətində dünya alimlərilə birgə diskusiyaların aparılması, müasir metodların tətbiqi və yeni elmi tədqiqat sahələrinin müəyyənləşdirilməsi olduğunu bildirib.

 

Akademik qeyd edib ki, ötən əsrin sonlarında idarəetmə sahəsindəki problemlərin həlli istiqamətində optimallaşdırma və optimal idarəetmə metodlarından istifadə edilsə də müasir dövrdə bu aktual sahənin qarşısında duran problemlər sürətlə dəyişdiyi üçün sözügedən metodlar bir o qədər də əlverişli deyil. Hazırda bu problemlərin həllində süni intellekt texnologiyaları, şəbəkə nəzarət sistemləri, təbii dillərin emalı kimi metodlar real nəticələr verməyə başlayıb.

 

Ə.Abbasov silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın tədqiqat istiqamətlərinin kibernetika və informatika sahələrinin inkişafına müvafiq olaraq müasirləşdiyini bildirib. Qeyd edib ki, konfrans mövzularının böyük bir qisminin Süni İntellekt (Sİ) texnologiyalarının hesablama resursları və riyazi modelləşdirmə kimi müxtləlif tətbiq sahələrinə həsr olunması heç də təsadüfi deyil. Məhz müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı siyasi, iqtisadi və sosial strukturlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Sİ-nin inkişafı qərarvermə proseslərinin optimallaşdırılmasında, böyük həcmli məlumatların təhlili və avtomatlaşdırılmasında mühüm əhəmiyyətə malik olmaqla mürəkkəb idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir.

 

Hazırda dünya əhalisinin təqribən 67%-nin internet istifadəçisi olduğunu bildirən akademik bu göstəricinin ölkəmizdə təqdirəlayiq olduğunu və 90% əhalini əhatə etdiyini qeyd edib. Bu inkişafın təməlində məhz ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub ki, bu istiqamətdə həyata keçirilən islahatlardan biri də cari ilin yanvar ayında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, mart ayında isə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi olmuşdur. Strategiyaya əsasən, 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması və “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modelinin genişləndirilməsi nəzərdə tutulur.

 

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov tədbirin idarəetmə və kibernetika sahələrində inkişafa mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

 

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli adından tədbir iştirakçılarını salamlayıb. 1998-ci ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən konfransın tarixindən danışan alim qeyd edib ki, son illərdə beynəlxalq səviyyədə keçirilən konfrans materiallarının “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi, beynəlxalq bazalarda indekslənməsi təqdirəlayiqdir. Bildirib ki, aktual mövzulara həsr olunan konfrans Azərbaycan elminin sözügedən istiqamətdə əldə etdiyi nailiyyətlərin təqdim olunması üçün yüksək səviyyəli platformadır.

 

Konfransın əsas tədqiqat istiqamətlərinin Süni İntellekt (Sİ) texnologiyaları və metodlarının tətbiqi ilə bağlı olmasının heç də təsadüfi olmadığını bildirən akademik  ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə təsdiq edilmiş  “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” dünyanın müxtəlif qabaqcıl ölkələri kimi, Azərbaycanda da rəqəmsal cəmiyyətin yaradılmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.

 

Bu multidissiplinar sahənin ölkəmizdə yaranma və inkişaf tarixinə nəzər salan alim AMEA-nın müşaviri akademik Telman Əliyev, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin Sİ-nin müxtəlif sahələrdə tətbiqindəki müstəsna xidmətlərindən ətraflı şəkildə bəhs edib.

 

Süni intellekt texnologiyalarının cəmiyyətdə müxtəlif sahələrdə geniş tətbiqinin yeni, fenomenal reallıqlar yaratdığını qeyd edən R.Əliquliyev müsbət nəticələrlə yanaşı qarşıda duran problemlərdən də söz açıb. Sözügedən tədqiqatların dünya miqyasında tanıdılması və cəmiyyətin maarifləndirilməsi istiqamətində təkliflərini səsləndirib.

 

R.Əliquliyev çıxışının sonunda mühüm əhəmiyyətə malik beynəlxalq konfransın  təşkilinə görə İSİ rəhbərliyinə təşəkkürünü bildirib, kibernetika və informatikanın inkişafı istiqamətində dünya elmi ictimaiyyəti qarşısında duran vəzifələrdən danışıb.

 

Daha sonra AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor Əminağa Sadıqov çıxış edərək akademik Telman Əliyevin rəhbərliyi ilə 2006-cı ildən etibarən ilk dəfə beynəlxalq səviyyədə baş tutan və müvəffəqiyyətlə silsiləvi şəkildə keçirilən konfransın önəmindən bəhs edib, dünya miqyasındakı müsbət nəticələrini nəzərə çatdırıb. Aktual mövzuları əhatə edən konfransın istiqamətlərinə nəzər salan alim qeyd edib ki, kibernetika və informatika sahələrində mövcud problemlərin həlli hazırda dünyanın müxtəlif qabaqcıl ölkələrində iqtisadi, siyasi və sosial baxımdan inkişafa rəvac verir.  

 

Geniş coğrafi arealı əhatə edərək dünyanın nüfuzlu alimlərini bir araya gətirən, elmi əlaqələrin bərqərar olmasına təkan verən bu qəbil konfransların təşkilinin önəmindən danışan Ə.Sadıqov bu istiqamətdə mövcud çətinliklər və çatışmazlıqlardan söz açıb. Təmsil etdiyi nazirlik tərəfindən beynəlxalq konfransların təşkilinə göstərilən xüsusi diqqətdən söz açan alim mövcud tələblər və qarşıda duran hədəflərdən bəhs edib.

 

ABŞ-ın Wayne Dövlət Universitetinin professoru Boris Mordukhovich çıxış edərək  İdarəetmə Sistemləri İnstitutu ilə uzun illərdir mövcud olan sıx əməkdaşlıq əlaqələrindən bəhs edib. Ötən əsrin sonlarında akademik Telman Əliyevin dəvəti ilə ilk dəfə Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutu) gəlişindən söz açan B.Mordukhovich Azərbaycanla bağlı xatirələrini bölüşüb, tətbiqi riyaziyyat və optimal idarəetmə sahələri üzrə həmyerli alimlərimizlə birgə həyata keçirilən tədqiqatlar zamanı əldə olunan mühüm elmi nəticələrdən söz açıb.

 

Ötən illər ərzində Azərbaycan elminin hüdudlarının genişləndiyini qeyd edən alim ölkəmizdə riyaziyyat və Sİ sahələrində əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu bildirib. Prioritet mövzuları əhatə edən konfransın önəmini vurğulayan B.Mordukhovich İSİ rəhbərliyinə təşəkkürünü ifadə edib.

 

Sonra Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Orken Mamyrbayev çıxış edərək dünya elminin inkişafı baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, gənc tədqiqatçıların aktual elmi sahələrə cəlb olunması və elmin kommersiyalaşdırılmasından söz açıb. Təmsil etdiyi müəssisə ilə İSİ arasında uzun illərdir uğurla davam etdirilən əməkdaşlıq əlaqələrindən danışan alim qarşıda duran hədəfləri nəzərə çatdırıb.

 

Daha sonra ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) professoru, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin dekanı Abzetdin Adamov çıxış edərək aktual sahələrdə mövcud problemlərin həllinə istiqamətlənən beynəlxalq konfransların keçirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, İSİ ilə səmərəli əməkdaşlıq əlaqəsinin nəticəsi olaraq PCI 2025 konfransının IEEE tərəfindən dəstəklənməsi və konfrans materiallarının “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi olduqca mühüm nailiyyətdir.  

 

A.Adamov əsası 1884-cü ildə ABŞ-da (AIEE – American Institute of Electrical Engineers) qurulan, tarixi kökləri Thomas Edison, Alexander Graham Bell və Nikola Tesla kimi mötəbər alimlərlə bağlı olan və ötən il 140 illik yubileyi qeyd olunan IEEE-nin yaranma tarixi və müasir fəaliyyət istiqamətlərindən ətraflı şəkildə söz açıb, qarşıda duran hədəfləri nəzərə çatdırıb.

 

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib. Plenar sessiyada professor Petro Stetsyukun təqdimatında “Hamar olmayan optimallaşdırma problemləri üçün ellipsoidal metodların təhlili”, professor Çingiz Hacıyevin təqdimatında “Yalnız Kinematik Əlaqələrdən istifadə edərək Nanopeyk Münasibətinin Təxmini və InOrbit Sensorunun Kalibrlənməsi” və professor Orken Mamyrbayevin təqdimatında “Biologiyada Süni İntellekt və Tibbi Sistemlər” mövzularında məruzələri dinlənilib.

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi