
Müasir Gənclik və Sağlam Ailə Modeli: Problemlər və Həll Yolları
17.12.2025 / Maraqlı məlumatlar
Bildiyimiz kimi, cəmiyyətimizin inkişafı, gələcək nəsillərin sağlamlığı və sosial rifahı müəyyən edən əsas amillərdən biri gənclərin düzgün istiqamətləndirilməsi, onlara sağlam həyat tərzinin, ailə dəyərlərinin və şüurlu seçimlərin aşılanmasıdır. Belə ki, müasir dövrdə qlobal çağırışlar və sürətlə dəyişən həyat tərzi gənclərin qarşısına həm imkanlar, həm də risklər çıxarır. Bundan irəli gələrək ailə dəyərlərinin möhkəmləndirilməsi, sağlam həyat tərzi, erkən nikah və qohumlar arasında nikah kimi tendensiyalarla bağlı cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ailə dəyərlərinin təbliği təkcə “ənənə” anlayışı ilə məhdudlaşmır. Bu dəyərlər tolerantlıq, qarşılıqlı anlaşma, sosial məsuliyyət, etnik identiklik kimi cəmiyyət üçün vacib prinsipləri də özündə birləşdirir. Gənclər bu dəyərlərlə böyüdükdə, sağlam düşüncəli, özünə güvənən, məqsədyönlü və vətənpərvər fərdlərə çevrilirlər. Sağlam həyat tərzi dedikdə düzgün qidalanma, müntəzəm fiziki aktivlik, psixoloji balans və zərərli vərdişlərdən uzaq durmaq nəzərdə tutulur. Gənclər bu prinsipləri mənimsədikcə təhsil və digər sahələrdə nailiyyətlər əldə edir, öz potensiallarını tam reallaşdırmaq imkanı qazanırlar. Məlumdur ki, təbliğ prosesinin uğurlu olması üçün ailə institutu və ictimai qurumların birgə fəaliyyəti labüddür.
Ailə dəyərlərinin möhkəmləndirilməsi və inkişafı cəmiyyətin müqəddəratını təyin edən əsas amillərdən biridir. Ənənələrin təbliği eyni zamanda sevgi, qarşılıqlı hörmət, birlik və məsuliyyət kimi mənəvi dəyərlərin nəsillər boyu ötürülməsinə rəvac verir. Lakin ənənələr yalnız qorunmalı deyil, həm də inkişaf etdirilməlidir. Yəni ailələr müasir dövrün tələblərinə uyğun şəkildə ünsiyyət mədəniyyətini nəsillərarası münasibətləri yenidən formalaşdırmalıdır. Mənəvi cəhətdən zəngin gəncliyin yetişdirilməsində isə əsas missiya məhz valideynlərin üzərində düşür.
Cəmiyyətin inkişafı istiqamətində qarşıda duran ən böyük problemlərdən biri də erkən nikah və qohumlar arasında nikah hallarıdır. Erkən nikahlar ilk növbədə yeniyetmələrin təhsildən uzaqlaşmasına səbəb olmaqla onların sosial status və iqtisadi müstəqillik qazanmaq imkanlarını məhdudlaşdırır. Ailə həyatı məsuliyyət, qərarvermə, səbr və emosional sabitlik tələb edir. Psixoloji cəhətdən yetkin olmayan fərdlər bu çətinliklərlə üzləşdikdə müxtəlif ailədaxili konfliktlər yarana bilir. Qohum nikahlarında qarşıya çıxan problemlər isə əsasən genetik mutasiyaların yaranması ilə səciyyələnir. Göründüyü kimi, sözügedən nikah formaları cəmiyyətin sağlamlığına və gələcək nəsillərin inkişafına birmənalı şəkildə təsir edir. Burada əsas sosial və psixoloji amillər stereotiplər, sosial təzyiq, təhsil, iqtisadi vəziyyət və genetik risklər haqqında məlumat azlığı kimi nüanslardır. Bu baxımdan problemin yaranma səbəblərinin təhlili və aradan qaldırılması istiqamətində görülən əməli tədbirlər olduqca mühüm əhəmiyyətə malikdir.
Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması üçün problemin həllinə kompleks yanaşma və institusional dəstək vacibdir. Məsələn, məktəblərdə və ictimai məkanlarda erkən nikahın fəsadları barədə seminar və təlimlərin təşkili, gənclərin təhsilə cəlb olunmasına dövlət dəstəyi, hüquqi mexanizmlərin tətbiqi və nəzarətin gücləndirilməsi effektiv nəticə verə bilər. Digər tərəfdən, gənclərin ailə həyatına hazırlıq prosesinə dəstək məqsədilə sosial və hüquqi müstəvidə dövlət və özəl sektor nümayəndələrinin birgə təşəbbüsü ilə maarifləndirici tədbirlərin təşkili ailədaxili konfliktlərin azalması, cəmiyyətdə sosial sabitliyin artması, boşanma hallarının azalması ilə müşayiət olunaraq sağlam ailə modelinin yaradılmasına rəvac verə bilər.
Erkən nikah hallarının qarşısının alınmasında müasir dövrdə dünyanın bir çox qabaqcıl ölkələrində, o cümlədən Azərbaycanda qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, ölkəmizdə erkən nikahlarla mübarizə tədbirləri gücləndirilərək müvafiq dövlət orqanlarının birgə əməkdaşlığı çərçivəsində bu hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.
Ölkəmizdə, həmçinin qohum evliliklərinin qarşısının alınması üçün hüquqi çərçivə genişləndirilir, 2024-cü il iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən və 2025-ci il iyulun 1-dən qüvvəyə minən qanunla yaxın qohumların nikahı qadağan edilib, erkən nikahlar və rəsmi nikahdan kənar evliliklərin qarşısını almaq üçün Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni müddəalar əlavə olunub.
Nəticə etibarilə ailə dəyərlərinin qorunması və inkişafı, gənclərin düzgün istiqamətləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində kompleks tədbirlər görmək cəmiyyətimizin davamlı inkişafı və rifahı üçün vacibdir. Bu işdə hər bir vətəndaşın öz üzərinə düşən məsuliyyəti dərk etməsi zəruridir. Unutmayaq ki, ailə sevgi, anlayış və məsuliyyət üzərində qurulan sosial birlik olaraq cəmiyyətin özəyini təşkil edir.


