
AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin 75 yaşı tamam olur
23.12.2025 / Mühüm xəbərlər
Bu gün Azərbaycanda riyaziyyat və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın müxbir üzvü, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya müdiri, riyaziyyat elmləri doktoru, professor Kamil Ayda-zadənin 75 yaşı tamam olur.
Kamil Rəcəb oğlu Ayda-zadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildən AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) laborant, sektor müdiri (1977-1979), laboratoriya müdiri (1995-ci ildən indiyədək) vəzifələrində çalışmışdır. Hazırda İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının rəhbəridir. K.Ayda-zadə, həmçinin 1974-1977-ci illərdə ADU-nun Hesablama Mərkəzində kiçik elmi işçi, sektor rəhbəri, 1979-1994-cü illərdə «Neftqazavtomat» ETLİ-də sektor və şöbə müdiri, elmi işlər üzrə baş direktorun müavini, 2004-2016-cı illərdə ADNSU-da “Tətbiqi riyaziyyat” kafedrasının müdiri, 2016-2018-ci illərdə isə BDU-nun “İnformatika” kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Çoxşaxəli elmi fəaliyyəti olan K.Ayda-zadə 1978-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru və 1989-cu ildə riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1992-ci ildə professor elmi adını almış, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
Dünyaşöhrətli alimin rəhbərliyi ilə şərtli, şərtsiz, çox meyarlı, qlobal optimallaşdırma, toplanmış və paylanmış parametrli optimal idarəetmə məsələlərinin həlli üçün müxtəlif üsullar işlənmişdir. Həmçinin Azərbaycan dili üçün nitqin və əlyazmanın tanınması, mətnin mənasının başa düşülməsi üçün intellektual kompüter sistemləri işlənilmişdir.
K.Ayda-zadə 1981-1998-ci illərdə Urenqoy və Yamburq qazkondensat yataqlarının, Azərqaznəqliyyat İB operativ dispetçer idarəetmə sistemlərinin yaradılma işləri üzrə elmi rəhbər olmuşdur. 1988-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən elan edilmiş Rusiya və Ukraynanın aparıcı elmi mərkəzlərinin iştirak etdikləri müsabiqədə onun rəhbərliyi altında işlənmiş “Yamburq mədənlərinin idarəetmə sistemi” birinci yerə layiq görülmüş və istismara buraxılmışdır.
Görkəmli alim 1993-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ekspert şurasının üzvü, (1993-2001), 2001-2008-ci illərdə AMEA Kibernetika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur. O, 2016-cı ildən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının üzvlərindən biridir. Professor, həmçinin Avropa Birliyinin beynəlxalq elmi proqramların ekspertidir. Kamil Ayda-zadə ümumilikdə, 570 elmi əsər və 3 kitabın müəllifidir. Məqalələrdən 400-ü xaricdə, o cümlədən 120-si beynəlxalq bazalarda və impakt faktorlu jurnallarda dərc edilmişdir. Onun elmi rəhbərliyi ilə 4 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. Rəhbərlik etdiyi kollektiv 10-dan çox müsabiqədə mükafat və qrantlara (CRDF, İNTAS, EİF) layiq görülmüşdür.
Professor 3-ü beynəlxalq olmaqla 7 jurnalın redaksiya heyətinin və müxtəlif beynəlxalq konfransların təşkilat komitəsinin üzvüdür. International Journal of Computational Intelligence jurnalının baş redaktorunun müavini, Ege University Journal of the Faculty of Science jurnalının redaksiya heyətinin üzvü, 1980-ci ildən isə Almaniyada çap olunan beynəlxalq riyaziyyat jurnalının referentidir.
K.Ayda-zadə 1985, 1988, 2001-ci illərdə yüksək elmi nailiyyətlərinə görə keçmiş SSRİ-nin Cihazqayırma Nazirliyinin və AMEA-nın Fəxri Fərmanları ilə təltif edilmişdir. O, 2007 və 2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin diplomları ilə təltif edilmişdir. 2011-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2025-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
İdarəetmə Sistemləri İnstitutunun kollektivi dünya elminə, o cümlədən ölkəmizdə riyaziyyat və kibernetika sahələrinin inkişafına mühüm töhfələr bəxş etmiş, nəcib insani keyfiyyətlərə malik görkəmli alim, professor Kamil Ayda-zadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayır!


