II Azərbaycan Elm Festivalı keçirilir
31.10.2016 / Xəbərlər31 oktyabr 2016-cı il tarixində AMEA-nın təşkilatçılığı ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalına start verildi. Festivalın keçirilməsinə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti təşkilati dəstək göstərir.
Festivalda son illər ölkə alimlərinin əldə etdiyi elmi nailiyyətlər nümayiş etdirilir. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi də festifalda öz yerini alır. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunur. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları elmi nəticələrini nümayiş etdirirlər.
Tədbirin açılış mərasimi oktyabrın 31-də saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutmuşdur. Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov və digər qurumlardan rəsmi qonaqlar iştirak etmişdirlər.
Açılış mərasimindən sonra Akif Əlizadə şəxsən sərgini ziyarət etmiş və bütün nümayişlərlə yaxından tanış olmuşdur.
AMEA Idarəetmə Sistemləri İnstitutu aparılan elmi-tədqiqat işlərini təsvir edən monoqrafiyaları, patentləri, posterləri, prospektləri və video roliki festifalda nümayiş etdirmişdir. Açılış günü institutun direktoru, akademik Telman Əliyev institutun fəaliyyəti ilə AMEA-nın prezidenti Akif Əlizadəni tanış etmişdir.
Qeyd etmək lazımdır ki, festival Bakıda AMEA Alimlər evində keçirilir və 1 noyabrda yekunlaşır. Bölgələrdə isə - 1 noyabr Naxçıvan, 2 noyabr Sumqayıt, 4 noyabr Şəki, 5 noyabr Gəncə şəhərlərində açılışların keçirilməsi nəzərdə tutlub.