İdarəetmə Sistemləri İnstitutunda "Pilotsuz uçuş aparatının idarə edilmə məsələləri" mövzusunda elmi seminar keçirilib
29.04.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) növbəti elmi seminarı keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, alim və mütəxəssislər, dəvət olunmuş qonaqlar, o cümlədən institutun gənc tədqiqatçıları iştirak ediblər.
Tədbiri institutun baş direktoru, akademik Əli Abbasov açaraq seminarın mövzusu olan pilotsuz uçuş aparatlarının önəmini qeyd edərək bildirib ki, uzun müddətdir ki, İSİ-də bu istiqamətdə nəzəri və tətbiqi işlər aparılır. Ə. Abbasov vurğulayıb ki, ötən il əzəli torpaqlarımızın azad olunması uğrunda baş verən və qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində PUA-lar Azərbaycanın uğurları istiqamətində mühüm rol oynadı. Beləliklə, bu amil dünyanın bir çox aparıcı ölkələrində PUA-ların lokal hərbi döyüşlərdə istifadəsinə maraq yaradaraq aktual sahəyə çevrilməsinə səbəb oldu. Sonra alim seminarı açıq elan edərək sözü tədbirin əsas məruzəçisi olan r.ü.f.d., dosent Elxan Səbziyevə verdi.
İnstitutun Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının aparıcı elmi isçisi, r.ü.f.d., dosent Elxan Səbziyev "Pilotsuz uçuş aparatının idarə edilmə məsələləri" adlı məruzə ilə çıxışına başlayaraq PUA-ların idarəetmə və qərarqəbuletmə sistemindən söz açdı. E. Səbziyev Kvadrokopter PUA-lar, PUA-nın müxtəlif tətbiqləri üzrə ərazilərin monitorinqi, müxtəlif yüklərin çatdırılması kimi iki əsas funksiyanı qeyd edərək onların idarərtmə alqoritmləri haqqında ətraflı danışdı. O bildirdi ki, tədqiqatlar zamanı kvadrokopterlərin idarəetmə modellərinə daxil olan fiziki-texniki parametrlərin avtomatlk hesablanma alqoritmi təklif olunmuşdur. Alqoritmin mahiyyəti ondan ibarətdir ki, uçuşun əvvəlində kvadrokopterin bir neçə standart pilotaj fiqurlarını yerinə yetirilməsi zamanı sensor məlumatlarından əldə olunan real trayektoriya ilə nəzərdə tutulan trayektoriya arasındakı fərq həmin kəmiyyətləri hesablamağa imkan verir. İdarəetmə sisteminin işlənilməsi zamanı Azərbaycanda yaradılan kvadrokopterlər üçün irəli sürülən texniki şərtlərindən çıxış edilmişdir. Həmçinin bildirilmişdir ki, real kvadrokopterlərin idarəetmə siqnallarının və sensorlardan daxil olan kəmiyyətlərin diskret xarakterə malik olmasının nəzərə alaraq tədqiq olunmuş idarəetmə modellərinin ədədi anoloqları da işlənilmişdir.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırmış və mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat elmi tədqiqat institutunun direktoru, akademik Fikrət Əliyev, İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov, t.e.d., prof. Eldar Şahbazov, t.e.d. Fəhrad Paşayev, r.e.d. İlqar Məmmədov, r.ü.f.d., dosent Ələkbər Axundov, Aviasiya Akademiyasının şöbə müdiri t.ü.f.d. Qəzənfər Orucov, r.ü.f.d., dosent Anar Rəhimov, elmi işçi Vüqar Həşimov iştirak ediblər.
Seminarda İSİ-nin Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev çıxış edərək bildirib ki, dronla bilavasitə əlaqənin kəsilməsi və əraziyə enməsi hallarının qarşısının alınması üçün idarəetmə kontrolleri üçün yeni proqramlar yaradılır, nailiyyətlər əldə olunur. O, qeyd edib ki, tədqiqatların təhlili üçün dron laboratoriyaının yaradılması təklif olunub. Ə.Paşayev laboratoriyada həyata keçirilən tədqiqatların müəyyən istiqamətləri, o cümlədən, dronlar qrupunun idarə edilməsi ilə bağlı işlər, alınmış nəticələr və gələcək planlar barədə seminar iştirakçılarına məlumat verib.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək mövzunun aktuallığını vurğulayıb. Alim qeyd edib ki, hazırda bu istiqamətdə ölkəmizdə və ümumilikdə dünyada çoxsaylı tədqiqatlar aparılır və bunun nəticəsi olaraq rəqabət mühiti yaranır. Məhz bu da alimlərimizin qarşısına tədqiqatlara ciddi yanaşmaq, PUA-ların təkmilləşdirilməsi, xarici təsirlərin nəzərə alınması və s. kimi vəzifələr qoyur. Çıxışının sonunda Ə.Sadıqov məruzəni yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə gələcəkdə yarana biləcək problemlərlə bağlı təkliflərini səsləndirib.
Daha sonra akademik Fikrət Əliyev çıxış etmiş və tədqiqatı təqdirəlayiq hesab etdiyini qeyd edərək mövzu ətrafında təkliflərini səsləndirdi. O, AMEA-da bu aktual sahədə tədqiqatların aparılmasını, xüsusən də İSİ-nin fəaliyyətini yüksək qiymətləndirdi.
Elmi seminarda r.e.d. İlqar Məmmədov və t.e.d., dosent Asif Rzayev də mövzu ətrafında fikirlərini səsləndirərək tədqiqatı yüksək qiymətləndiriblər.
Sonda institutun baş direktoru, akademik Əli Abbasov çıxış etmiş və məruzə ilə bağlı səsləndirilən fikirləri bir daha nəzərdən keçirərək tədqiqatın qarşısında duran gələcək vəzifələr və araşdırılması zəruri olan məsələləri qeyd etmiş və yekun rəylərini bildirmişdir.