İdarəetmə Sistemləri İnstitutunda "SESDA" elektron sənəd dövriyyəsi sisteminin təqdimatına həsr edilən tədbir keçirilmişdir
04.10.2021 / Xəbərlər4 oktyabr 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “SİNAM ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ VƏ ARXİV” (SESDA) sisteminin təqdimatına həsr edilmiş onlayn formatda tədbir keçirilmişdir. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Tədbiri İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq qeyd etdi ki, informasiya cəmiyyətinin qurulması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri hesab olunur və onun əsas istiqamətləri Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada müəyyən olunmuşdur. Məhz bu sahədə ölkə başçısının sərəncamlarını, Azərbaycan Respublikasında uzun illərdir tətbiq və icra olunan qərarları xatırladan Ə.Sadıqov müasir dövrdə elektron sənəd dövriyyəsinin əhəmiyyətini xüsusilə vurğuladı. Son illərdə dövlət orqanlarında sənəd dövriyyəsinin elektron şəkildə təşkili və bu sistemin inkişafında bir sıra əməkdaşlıqların qurulduğunu, müvafiq addımlar atıldığını bildirən Ə.Sadıqov İSİ-nin də bu istiqamətdə “SİNAM” şirkəti ilə əməkdaşlıq etdiyini qeyd edərək keçirilən tədbirin önəminə toxundu.
Ə.Sadıqov, həmçinin qeyd etdi ki, elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.
Sonra Ə.Sadıqov təlimin həyata keçirilməsi üçün sözü “SİNAM” şirkətinin əməkdaşı Nərgiz Qədimovaya verdi.
Nərgiz Qədimova “SİNAM” şirkətinin elektron sənəd dövriyyəsi və arxiv sistemi haqqında iştirakçılara məlumat verərək qeyd etdi ki, artıq bu sistemin köməyi ilə kağız daşıyıcılar vasitəsilə ötürülən məlumatlar, sənədlər elektron şəkildə və daha tez bir zamanda əldə olunacaq. O, bildirdi ki, iş prosesinin daha operativ və müasir üsullarla tətbiqini təmin edəcək sistemin əsas məqsədi sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin təmin edilməsi, hesabat və statistik məlumatların hazırlanması və s. ibarətdir.
N.Qədimova təlim əsnasında tədbir iştirakçılarına qeydiyyatdan keçmək, sistemə daxil olmaq, interfeyslə tanışlıq, istifadə qaydaları və digər texniki məsələlər barədə əyani şəkildə ətraflı məlumat verdi. Sistemin istifadəsinin İSİ-də sınaq mərhələsində olduğunu bildirərək “SİNAM” şirkətinin yarana biləcək bütün çətinliklərin həllində köməklik göstərəcəyini qeyd etdi və tədbirin təşkili üçün İSİ-nin rəhbərliyinə təşəkkürünü bildirdi.
Daha sonra N.Qədimova tədbir iştirakçılarının sullarını ətraflı şəkildə cavablandırdı. Müzakirələrdə İSİ-nin icraçı direktoru Əminağa Sadıqov, t.e.d. Fərhad Paşayev, r.e.d. İlqar Məmmədov və digər əməkdaşlar iştirak edərək sistemin təhlükəsizliyi və s. məsələlər barədə fikir mübadiləsi apardılar.
Tədbirin sonunda Ə.Saadıqov İSİ-nin “SİNAM” şirkəti ilə əməkdaşlıq çərçivəsində "SESDA" elektron sənəd dövriyyəsi sistemini tətbiq edəcək ilk AMEA institutu olduğunu qeyd edərək N.Qədimovaya ətraflı təqdimat üçün öz təşəkkürünü bildirdi.