Bu gün İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, görkəmli alim Kamil Aydazadənin 70 yaşı tamam olur
23.12.2020 / XəbərlərBu gün İnformasiya texnologiyalarının inkişafı istiqamətində mühüm tövhələr vermiş görkəmli elm xadimi, əməkdar müəllim, AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Kamil Aydazadənin 70 yaşı tamam olur.
Kamil Rəcəb oğlu Aydazadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olub. 1967-ci ildə Bakı şəhəri 189 saylı riyaziyyat təmayüllü məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə qəbul olub və 1972-ci ildə oranı bitirmişdir.
O, 1972-ci ildən AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) laborant, sektor müdiri, şöbə müdiri vəzifələrində çalışmış, hazırda isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları laboratoriyasının rəhbəridir. 1974-1977-ci illərdə BDU-nun Hesablama Mərkəzində, 1979-1994-cü illərdə Neftqazavtomat ETLİ-də sektor müdiri, elmi işlər üzrə baş direktorun müavini, 2004-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Tətbiqi riyaziyyat kafedrasının müdiri, həmçinin 2016-2018-ci illərdə BDU-nun “İnformatika” kafedrasının müdiri vəzifələrində çalışıb.
Aydazadə K.R 1978-ci ildə Tbilisidə Musxelişvili adına Hesablama Mərkəzində “Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi” mövzusunda fəlsəfə doktoru, 1989-cu ildə isə Kiyevdə Kibernetika İnstitutunda “Şəbəkə strukturlu məsələlərin konstruktiv həll üsullarının işlənməsi və onların tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1992-ci ildə professor elmi adını alıb və 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1976-1980-ci illərdə K.R.Aydazadə tərəfindən işlənmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır.
Aydazadə K.R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaradılmış, texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif edilmişdir.
Alimin rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatdan istifadə olunub.
1978-1988-ci illərdə K.R.Aydazadənin elmi nəticələrinin tətbiqinin vacib obyektlərindən biri «Enerji» EİB (S.P. Korolyov adına KB ) olmuşdur. Bu obyekt üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmlər və proqram təminatı işlənmişdir. Xüsusi olaraq, «Soyuz-Apollon» birləşdirmə qovşağının kinematik və dinamik analizi, uçma aparatının trayektoriyasının optimallaşdırılması, aparatda həyat təminedici sistemin hesabatı aparılmışdır.
K.R.Aydazadə 1981-ci ildən vacib xalq təsərrüfatı işləmələrinin - dünyada ən böyük Urenqoy və Yamburq qazkondensat yataqlarının, «Azərqaznəqliyyat» İB operativ dispetçer idarəetmə sistemlərinin elmi rəhbəridir. Boru nəql şəbəkələrində tədqiq olunmuş idarəetmə problemləri uyğun informasiya idarəetmə sistemlərinin riyazi və proqram təminatının tərkib hissəsidir.
1988-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən elan edilmiş Rusiya və Ukraynanın aparıcı elmi mərkəzlərinin iştirak etdikləri müsabiqədə K.R.Aydazadənin rəhbərliyi altında işlənmiş Yamburq mədənlərinin idarəetmə sistemi birinci yeri tutmuş və istismara buraxılmışdır. «Yamburqqazçıxarma» İB üçün modernizasiya, inkişaf, yeni informasiya texnologiyasına və müasir kompüter vasitələrinə keçid, lokal və qlobal hesablama və korporativ şəbəkələrin tətbiqi üzrə işlər 1998-ci ilə qədər davam etdirilmişdir.
Onun rəhbərliyi altında Azərbaycan dəmir yolunda, «Azal» birliyində və s. müəssisələrdə İnformatlaşdırma üzrə işlər aparılmışdır.
O, Milli Məclisə seçkilərdə "Seçkilər" kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin TŞVR-nin beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir.
K.R.Aydazadə ES EHM istifadəçilərinin Ümumittifaq Assosiasiyası çərçivəsində Zaqafqaziya Assosiasiyasının təşkilində iştirak etmiş, 1976-1985-ci illərdə Zaqafqaziya Assosiasiyasının Prezidentinin müavini olmuş və 80-ci illərdə Azərbaycan Respublikasında informatikanın inkişafında əhəmiyyətli rol oynamışdır.
O, 585 elmi əsərin müəllifidir. Onlardan 420-si xaricdə olmaqla, 125-i Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap edilmişdir.
1988-ci ildə SSRİ Cihazqayırma Nazirliyinin Fəxri Fərmanları, 2001-ci ildə Elmi fəaliyyətindəki nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuş, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Respublikanın Əməkdar Müəllimi adına layiq görülmüşdür. Həmçinin, 2020-ci ildə Azərbaycanda informatika və optimallaşdırma sahəsində xidmətlərini nəzərə alaraq və 70 illik yubileyi ilə əlaqədar AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.
İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından hörmətli Kamil müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!