
İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak edirdilər. Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinin tarixi, səbəbləri və nəticələri haqqında tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, Azərbaycan xalqının əzmini, azadlıq istəyini boğmağa, birliyi sarsıtmağa çalışan ədalətsiz sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tarixdə misli görülməmiş bir cinayət aktını həyata keçirdi. Belə ki, Mixail Qorbaçovun rəhbərliyi ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı sərəncam məkrli plan səbəbi ilə Azərbaycan xalqından gizlədildi, enerji bloku partladıldı. Sovet ordusu hissələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə və digər rayonlara yeridilərək dinc əhaliyə amansız şəkidə divan tutdu. Bu təcavüz nəticəsində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat isə qəsdli şəkildə yanvarın 20-də səhər saatlarında bildirildi.
Faciənin əsasında duran səbəblərdən bəhs edən Əli Abbasov bildirdi ki, bu hadisə dağılmaqda olan sovet rejiminin Azərbaycan xalqının dinc azadlıq hərəkatının qarşısını almağa, istiqlal arzusunu qırmağa, ərazi bütövlüyünün pozulmasına hədəflənən cinayət planı idi. Hələ 80-ci illərdə Dağlıq Qarabağa müstəqillik verilməsinə çalışan, Azərbaycanın ərazi bütövlüyünə göz dikmiş ermənilərə havadarlıq edən SSRİ rəhbərliyi bir sıra cinayətlər törətmiş, Qarabağ və İrəvan ərazisindən azərbayanlıları deportasiya etmiş, Sumqayıt hadisələrini törətmişdir. Lakin yenilməz və şücaətli Azərbaycan xalqı istiqlal arzusundan vaz keçmədi. Faciənin ertəsi günü meydanlara axışan xalq günahsızcasına şəhid edilmiş soydaşlarının dəfnində iştirak etdi, azadlıq nidaları səsləndirdi.
Qanlı yanvar hadisəsinin nəticələrindən bəhs edən Ə.Abbasov Azərbaycanın o vaxtkı rəhbərliyinin qətiyyətsizlik göstərdiyini, düzgün addımlar atmaq iqtidarında olmadığını təəssüflə qeyd etdi. Xüsusilə vurğuladı ki, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş sovet rejiminə yönəlmiş ən kəskin bəyanatı Ümumilli Lider, dahi şəxsiyyət Heydər Əliyev vermişdir. SSRİ tərəfindən təzyiqlərə məruz qalan Ulu Öndər həyati təhlükəyə baxmayaraq xalqın azadlıq istəyinin, haqq səsinin dünyaya çatdırılması istiqamətində addımlar atdı. Heydər Əliyev faciə törədildikdən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirtdi və faciəyə ilk siyasi qiymət verdi, SSRİ rəhbərliyi tərəfindən törədilən bu soyqırımını pislədi, bunu cinayət aktı adlandıraraq M.Qorbaçovu kəskin ittiham etdi. Ümummilli Lider ailə üzvləri ilə birgə Moskvada 20 Yanvar hadisələrinə etiraz olaraq keçirilən yürüşlərdə iştirak etdi. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü il 29 mart tarixində keçirilən Milli Məclisin xüsusi sessiyasında 20 Yanvar hadisələri ilk dəfə dövlət səviyyəsində müzakirə olundu, Azərbaycan xalqına yönələn cinayət aktı kimi qiymətləndirildi.
Məhz, Ulu Öndərin səyi nəticəsində dünya ictimaiyyəti tərəfindən 20 Yanvar hadisələrinə düzgün qiymət verilərək Azərbaycan xalqının azadlığına təhdid, dinc əhaliyə təcavüz kimi qəbul edildi. Bu barədə dünyanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən “The New York Times”, “The Washington Post” qəzetlərində məlumatlar əks olundu, bu hadisə SSRİ-nin süqutunun başlanğıcı kimi qeyd edildi. O çətin dövrdə, məhdud şəraitdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində AMEA, o cümlədən İdarəetmə Sistemləri İnstitutu (Kibernetika İnstitutu) tərəfindən də addımlar atılır, bəyənatlar göndərilirdi.
Ə.Abbasov qeyd etdi ki, dahi lider Heydər Əliyevin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldikdən sonra dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan xalqının haqlı mübarizəsini dünyaya çatdırmaq, birliyini möhkəmləndirmək olmuşdur. Məhz 20 Yanvar tarixinin anılması məqsədi ilə dövlət rəhbərliyi tərəfindən addımlar atılır, ölkə daxilində və xaricdə müxtəlif konfranslar, anım tədbirləri keçirilir.
Akademik vurğuladı ki, ədalətsiz sovet rəhbərliyi tərəfindən törədilən bu faciə qüdrətli Azərbaycan xalqının müstəqillik arzusunu, əzmini qıra bilmədi. Beləliklə, 20 Yanvar tarixi sadəcə acı və ağrı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Bu gün Azərbaycan tarixində qanlı və şərəfli səhifələrdən biri olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi anılır, faciənin ildönümü izdihamlı ziyarətlərlə müşaiyət edilir, məzarları önünə faciənin simvoluna çevrilmiş tər qərənfillər düzülür.
Sonra İSİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova çıxış edərək Azərbaycan xalqının azadlıq mübarizəsini sarsıtmağa yönəlmiş 20 Yanvar faciəsinin nəticələrindən, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Bu uğurlu siyasətin nəticəsində vətənpərvər ruhda formalaşan gənc nəsil heç vaxt unutmur ki, qanlı 20 Yanvar xalqın yaddaşında təkcə faciə günü kimi deyil, həm də şərəf səhifəsi kimi həkk olunub.
Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, professor Elçin Əliyev və r.e.d. İlqar Məmmədov 20 Yanvar tarixinin səbəb və nəticələrindən bəhs etdilər, öz xatirələrini bölüşdülər, bu hadisələrin Azərbaycan xalqının başına gələn dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də azadlıq mübarizəsinin rəmzi, qəhrəmanlıq salnaməsi olduğunu və xalqın yaddaşından heç vaxt silinməyəcəyini söylədilər.
Sonra gənc alim Rahiyə Niyazova 20 Yanvar hadisələri ilə bağlı öz fikirlərini bölüşdü.
Sonda İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək 20 yanvar faciəsinin miqyasını, dəhşətlərini xatırladaraq gələcəkdə belə hadisələrin bir daha təkrarlanmaması üçün ölkə miqyasında bu faciəyə həsr olunmuş tədbirlərin keçirilməsinin önəmini vurğuladı. O, Azərbaycanın elm adamlarının əsas vəzifəsinin bu hadisələri təhlil edərək dürüst nəticələri gənc nəsilə ötürmək və onlara ölkəmizin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində tövsiyələrin verilməsindən ibarət olduğunu qeyd etdi.
Ə.Sadıqov Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi tədbirlərin və sonra cənab İlham Əliyevin ölkənin qüdrətlənməsi istiqamətində atdığı ardıcıl addımların nəticəsi olaraq Qarabağ torpaqlarının azad edilməsinə nail olunduğunu vurğuladı. İcraçı direktor şəhidlərə rəhmət diləyərək onların ailələrinə dərin hüznlə baş sağlığı verdiyini söylədi.
Tədbirdə İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan videoçarx nümayiş olundu.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq!