Tanınmış alim Eldar Şahbazovun anadan olmasının 75 ili tamam olur
29.01.2023 / Mühüm xəbərlər2023-cü il yanvarın 29-da AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Neft sənayesində nanotexnologiyaların tətbiqinin riyazi modelləşdirmə laboratoriyasının müdiri, “Azərbaycan neft təsərrüfatı” jurnalı redaksiyasının ümumi məsələlər üzrə baş müavini, t.e.d., professor Eldar Qəşəm oğlu Şahbazovun anadan olmasının 75 ili tamam olur.
Eldar Şahbazov 29 yanvar 1948-ci ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. O, 1966-1972-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mexanika fakültəsində təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnib. Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətləri neft-mədən maşın və avadanlıqlarının etibarlılığı problemlərinə, neft sənayesində nanotexnologiyaların nəzəri və praktik əsaslarının işlənməsi məsələlərinə həsr olunub. E.Şahbazov 1984-cü ildə İxtisaslaşdırılmış Elmi Şurada “Neft və qaz quyularının cari və əsaslı təmiri üçün qaldırıcı qurğuların texniki xidmət və təmiri rejimləri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. O, 1990-cı ildə “Səyyar neft-mədən qurğularının etibarlılığının artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi” mövzusunda doktorluq işi müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə, 1997-ci ildə isə professor elmi adına layiq görülüb.
Çoxşaxəli əmək fəaliyyətinə 1972-1990-cı illərdə Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat və Layihə İnstitutunda mühəndis kimi başlayan E.Şahbazov 1990-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun birinci prorektoru vəzifəsində, daha sonra Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və Kimya” ETİ-də direktorun birinci müavini vəzifəsində çalışıb. Uzun illər AR Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin idarəetmə aparatının texniki-istehsalat şöbəsinin rəisi, sonra isə SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin müşaviri vəzifəsində işləyib. O, 1993-cü ildən indiyədək SOCAR-da çalışır.
E.Şahbazov 2011-2014-cü illərdə SOCAR-ın “Nanotexnologiyalar” departamentinin rəisi vəzifəsində çalışıb. Professor, həmçinin SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu direktorunun müşaviri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rektorunun müşaviri vəzifələrində işləyib. E.Şahbazov hazırda “Azərbaycan neft təsərrüfatı” jurnalı redaksiyası baş redaktorunun ümumi məsələlər üzrə müavini vəzifəsində çalışır.
Neft və qaz avadanlıqlarının yaradılması və etibarlılığı problemləri sahəsində tanınmış alim olan E.Şahbazovun bu sahədə bir sıra fundamental və tətbiqi işləri mövcuddur. Müəllif tərəfindən ilk dəfə olaraq neft və qaz avadanlıqlarının yaradılmasının texniki tapşırıq mərhələsindən tutmuş istehsalınadək tam istifadə tsikli üçün avadanlıqların etibarlılığının qiymətləndirilməsinin ehtimal xarakteristikalarının nəzəri əsasları işlənilib. “Kiçik həyəcanlanma” funksional nəzəriyyəsi əsasında neft və qaz avadanlıqlarının etibarlılığının artırılması strategiyası hazırlanıb.
E.Şahbazov neft və qaz avadanlıqlarının etibarlılığı sahəsində nəzəri problemlərin həllinə dair dünya miqyasında tətbiq olunmuş bir neçə beynəlxalq standartın müəllifi kimi 1994-cü ildə “Neft-qaz-mədən avadanlığının etibarlılığı” standartının Norveçdə yerləşən beynəlxalq komitəsində məruzə edib. Bu standartlar üzrə SOCAR və ABŞ-nin “Penzoyl” şirkəti ilə birgə tikilən və hazırda Günəşli yatağında işləyən 2 saylı sıxıcı qaz turbin stansiyasının etibarlılığı hesablanıb və bu sayədə istismar xərclərinin aşağı düşməsinə nail olunub. Sözügedən standartlar və 80-dən çox elmi araşdırmanın nəticəsi E.Şahbazov tərəfindən ümumiləşdirilərək neft-qaz avadanlıqlarının etibarlığının artırılması problemi üzrə yeni elmi istiqamət kimi qəbul olunub. Sözügedən nailiyyətlər görkəmli alim tərəfindən qələmə alınan “Səyyar neft-mədən qurğularının etibarlılığı və texniki xidməti” və “Bazar iqtisadiyyatı şəraitində kompressor stansiyalarının etibarlılığının təmin olunması problemlərinin nəzəriyyəsi və təcrübəsi” monoqrafiyalarında öz əksini tapıb.
E.Şahbazov Rusiya, Böyük Britaniya, Fransa, Şotlandiya, ABŞ, Norveç kimi nüfuzlu ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda neft-qaz sənayesinin problemlərinə aid məruzələrlə çıxış edib, bir sıra elmi əsərləri ingilis və fransız dillərinə tərcümə olunub. Onun ölkədə neft sənayesinin inkişafına təkan verən bir sıra araşdırmaları dünyanın qabaqcıl neft şirkətləri tərəfindən rəğbətlə qarşılanıb. Alimin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Neftqaz texnoloji qurğu, sistem və avadanlıqlarının təmiri və bərpası üçün servis xidməti mərkəzindən ötrü ilkin texniki tələbat və biznes planı” işlənib. İlk dəfə olaraq professor E.Şahbazov tərəfindən “kiçik təsir və həyəcan” effektinin nəzəri əsasları və bunun əsasında “ГОСТ 27503-81 (СТ СЭВ 283681). Надежность в технике. Система сбора и обработки информации. Методы оценки показателей надежности” işlənilib. Hazırda neft sənayesində nanotexnoloji üsulların işlənilməsi və uğurla tətbiqi də professor E.Şahbazovun adı ilə bağlıdır. Alim fundamental və tətbiqi elmlərin inteqrasiyası mexanizmini təklif edərək Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birləşmiş elmi-texniki şurasının əsasnaməsini işləyib, həmin şuranın büro üzvlüyünə və bölmə sədrliyinə seçilib.
Kadr hazırlığı sahəsində də mühüm töhfələri olan alimin elmi rəhbərliyi ilə 12 namizədlik dissertasiya işi müdafiə olunub və hazırda üç doktorantı dissertasiya işi üzərində tədqiqatlarını uğurla davam etdirir. E.Q.Şahbazov 181 elmi əsərin, o cümlədən 22 patentin, 12 monoqrafiyanın müəllifidir.
E.Şahbazov Ukrayna Neft və Qaz Akademiyasının və Rusiya Təbii Elmlər Akademiyasının Fəxri üzvü, “Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurası sədrinin müavinidir. Dəyərli alim 2010-cu ildə nanoelm və nanotexnologiyalar sahəsində UNESCO mükafatına layiq görülüb. O, 1993-cü ildən Ukrayna Neft-Qaz Akademiyasının, 2014-cü ildən Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvüdür.
Görkəmli alim E.Şahbazov 2010-cu ildə Nanoelm və nanotexnologiyanın inkişafında xidmətlərinə görə UNESCO mükafatına layiq görülüb və elmi nailiyyətləri UNESCO ensiklopediyasına daxil edilib. Bundan əlavə o, “Qızıl qələm” media mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb. E.Şahbazov 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Fəxri neftçi” döş nişanı ilə təltif edilib.
Dünya elminə mühüm töhfələr bəxş etmiş görkəmli alim Eldar Şahbazovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!