Avqustun 26-da AMEA İSİ laboratoriya müdiri, t.ü.f.d. Tofiq Babayevin 70 yaşı tamam olmuşdur
26.08.2016 / XəbərlərBabayev Tofiq Əli İkram Oğlu 1946-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub və 1969-cu ildə İnstitutu bitirib.1969-1972-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi işləyib.1972-ci ildən 1974-cü ilə kimi "İnformatika” Elm-İstehsalat Birliyində mühəndis, şöbə müdiri; 1974-1977 illərdə Moskva İdarəetmə Sistemləri Elmi-tədqiqat institutunun Bakı bölməsinin rəhbəri vəzifəsində çalışıb. 1977-1987-ci illər ərzində "İnformatika” Elm-İstehsalat Birliyində laboratoriya müdiri, Kompüter Mərkəzinin müdiri, Baş mühəndisin müavini vəzifəsində çalışıb.
1988-ci ildə Ukraynanın Kiyev şəhərində "Mərkəzləşdirilmiş Kompleks xidmətlərin göstərilməsi və hesablama texnikası vasitələrinin istifadəsi mərkəzlərinin yerləşdirilməsi məsələlərinin metodları və alqoritmlərinin işlənib hazırlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1987-ci ildə T.Babayev "İnformatika” Elm-İstehsalat Birliyində yeni yaradılmış Bakı Elmi Tədris Mərkəzinin (BETM) direktoru vəzifəsinə təyin edilmişdir və 2007-ci ilə kimi BETM-in, 2007-2009-cu illər BETM-in əsasında yaradılmış İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) direktoru vəzifəsində çalışmışdır.
Eyni zamanda 1990-1993-cü illərdə T.Babayev Azərbaycanda ilk rəsmi İnternet provayderi olan AZERİNKOM Rusiya-Azərbaycan birgə müəssisəsinin direktoru olmuşdur.
BETM-ə başçılıq etdiyi illər ərzində Tofig Babayev Azərbaycanda UNESCO və UNDP tərəfindən maliyyələşdirilən ilk İKT layihəsinin –BETM-in bazasında "Kompüter texnologiyaları və tədris mərkəzinin gücləndirilməsi” (1995-1997) layihəsinin, sonra isə "Sumqayıt Tədris və İnformasiya Kommunikasiya Texnologiyaları Kompüter Mərkəzinin yaradılması” (1996-1999), "Naxçıvan Tədris və Biznes İnformasiya Kompüter Mərkəzinin yaradılması” (1998-2000) layihələri daxil olmaqla 10 layihənin milli koordinatoru olmuşdur.
UNESCO və Koreya Respublikasının iştirakı ilə həyata keçirilən E-Trade (Elektron ticarət, 2006-2007) layihəsi çərçivəsində Bakıda Elektron-ticarət Mərkəzi yaradılmış və T.Babayev Mərkəzin direktoru təyin edilmişdir.
Cənubi Koreya ilə Azərbaycan alimləri və iş adamları arasında əməkdaşlığın dəstəklənməsi və inkişafı sahəsində uğurlu fəaliyyətinin nəticəsi olaraq T.Babayev 2007-2008-ci illərdə Koreyanın Digital Opportunities Forum (Rəqəmli İmkanlar Forumu) tərəfindən Forumun İnformasiya Texnologiyaları üzrə səfiri seçilmişdir.
2009-cu ildə Tofiq Babayev Cənubi Koreyanın universitetlərindən olan KAISTin Tələbə Qəbulu üzrə Beynəlxalq nümayəndəsi təyin edilmiş, 2007-2009-cu illərdə Azərbaycanın 1-ci kurs tələbələri arasında seçim aparılmasını təşkil etmiş, bu illər ərzində onun təşkilatçılığı ilə KAİST-in maliyyə dəstəyi hesabına 10 tələbə 4 illik bakalavr səviyyəsində təhsil almaq üçün Koreyaya göndərilmişdi.
Babayevin təşəbbüsü ilə Ağdaş, Şəki, Ucar, Göyçay, Ağsu, Kürdəmir, Salyan daxil olmaqla Azərbaycanın 14 bölgəsində İnformasiya Texnologiyaları tədris Mərkəzləri yaradılmışdı. Bölgələrdə Kompüter Mərkəzlərinin yaradılması təcrübəsini nəzərə alaraq T.Babayev 2001-2003-cü illərdə NICTS (Milli İKT Strategiyasının hazırlanması) layihəsi çərçivəsində Azərbaycan rayonlarında Regional İnformasiya mərkəzlərinin yaradılması qrupunun rəhbəri təyin edildi.
2006-2008-cı illərdə Tofiq Babayevin rəhbərliyi altında Rusiyanın МЦФЭР- İqtisadi Maliyyə İnkişaf Beynəlxalq Mərkəzinin və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə nəşr edilən "Sahibkarlıq” və "Əmək və Qanun” jurnallarının baş redaktoru olmuşdur.
2009-cu ilin sonundan T.Babayev İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri, 2010-cu ildən indiyə kimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda ( kecmiş Kibernetika İnstitutunda) Xarici əlaqələr və Innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.
Eyni zamanda T.Babayev 2003-cü ildə təsis etdiyi Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktorudur.
Hazırda Şərqi Avropa alimlərinin Avropa alimləri ilə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan 2 yeni layihənin yerinə yetirilməsinə Azərbaycanda rəhbərlik edir.
2014-cü ildə AB-nin yeni HORIZON2020 Tədqiqat və İnnovasiya Proqramının başlanması ilə əlaqədar T.Babayev HORIZON2020 -nin iki istiqaməti: ICT və FET istiqamətləri üzrə NCP (Milli Təmsilçi) təyin edilmiş, və təcrübəli ekspert kimi AMEA-nın dəstəyi ilə digər istiqamətlər üzrə NCP-lərin seçilməsində, təyin edilməsində və təlimində iştirak edir.
T.Babayev 31 elmi əsərin, 2 kitabın və İKT sahəsində 3 ixtiranın müəllifidir.
IPMA-nın (Beynəlxalq Layihələrin İdarəedilməsi Assosiasiyasının) Azərbaycan bölməsi olan AZPMA-nın həmtəsisçisi və vitse-prezidenti və UNESCO-nun ACCESS-net (Birgə Səylərdən Davamlı istifadə üçün Kompüter Mərkəzləri Assosiasiyası) təşkilatının vitse-prezidentidir.
Tanınmış alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan İKT elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!