2024-cü ildə institutda yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə 23 mühüm elmi nəticə alınmışdır,
onlardan 9 nəticə Elmi Şura tərəfindən təsdiq edilmişdir.
1. Laylara əhəmiyyətli həcmdə suyun vurulması hesabına neft mayesinin hasilat quyularına sıxışdırılması və mexanikləşdirilmiş ŞDNQ və EDN qurğuları vasitəsilə hasilatın həyata keçirildiyi qurğularında baş verə biləcək qəzaların gizli dövrlərinin küy texnologiyaları əsasında diaqnostikasının ümumi metodu və sistemi işlənib hazırlanmışdır. Həmçinin, məhsuldarlığı aşağı olan neft quyularınistismarı zamanı neft/su nisbətini artırmaq hesabına səmərəli rejimin seçilməsinin mümkünlüyü və həlli yolları göstərilmişdir.
İcraçılar: t.e.d., prof., AMEA-nın həqiqi üzvü Telman Əliyev, t.e.d., prof. Nailə Musayeva, t.e.d., dos. Fəhrad Paşayev, t.e.d., dos. Qəmbər Quluyev, t.e.d., dos. Asif Rzayev
2. Lokal və qeyri-lokal sərhəd şərtli diferensial tənliklərlə təsvir olunan dinamik obyektlərə nəzərən parametrik verilmiş bəzi funksiyalar sinflərində tərs və optimal idarəetmə məsələlərinin ədədi həll üsulları təklif və tədqiq edilmişdir. Proqram təminatı hazırlanmış, kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: r.e.d., prof., AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, r.e.d., prof. Vaqif Abdullayev, r.e.d., dos. Yeganə Əşrəfova, r.e.d., dos. Anar Rəhimov.
3. Parabolik tip yüklənmiş diferensial tənliklər üçün yükləmə nöqtələrinin optimal idarəetmə məsələsi tədqiq edilmişdir. Tədqiqatın nəticələri isitmə məsələlərində istilik mənbələrinin hərəkətinin əks əlaqəli optimal idarəetməsi üçün istifadə edilmişdir. Alqoritmlər, tədqiq edilmiş məsələlərin ədədi həlli üçün proqram təminatı işlənib hazırlanmış, kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: r.e.d., prof., Vaqif Abdullayev, r.ü.f.d. Vüqar Həşimov.
4. Mətnlərin müəllifliyini tanıyan kompüter sistemi üçün maşın öyrənmənin müxtəlif üsulları – süni neyron şəbəkələr, dayaq vektorlar üsulundan istifadə edən riyazi modellər əsasında proqram təminatı işlənilmişdir. Mətnləri xarakterizə edən müxtəlif əlamət növləri təklif və tədqiq edilmişdir. Azərbaycan yazıçılarının əsərlərindən hazırlanmış dataset-dən istifadə etməklə kompüter eksperimentləri aparılmışdır.
İcraçılar: e.i. Rüstəm Əzimov, r.ü.f.d., dos. Elşən Mustafayev, e.i. Sona Rzayeva.
5. Düzbucaqlı sahədə qradiyent diferensial daxilolmalar üçün qoyulmuş Dirixle məsələsinə nəzərən optimallaşdırma məsələsinə baxılmışdır. Baxılan sərhəd məsələsinin həlli üçün diskret və kəsilməz məsələlər üçün ekvivalentlik teoremləri isbat olunmuşdur. Baxılan məsələlər üçün zəruri və kafi optimallıq şərtləri Eyler-Laqranj formasında alınmışdır. Divergensiya əməliyyatı baxımından əldə edilən nəticələr çoxölçülü hal üçün ümumiləşdirilmişdir.
İcraçılar: r.e.d., prof. Elmxan Mahmudov, Dilarə Məstəliyeva
6. Kütləvi Xidmət-Ehtiyatlanma Sistemlərinin anbarlarında katastrofların baş verməsinin mümkünlüyü nəzərə alınmaqla ehtiyatların artırılması üçün onların keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün riyazi modellər kompleksi qurulmuşdur. Qurulmuş modellər əsasında ədədi eksperimentlər aparılmış və onların nəticələri analiz edilmişdir.
İcraçılar: t.e.d., prof., AMEA-nın müxbir üzvü Ağası Məlikov, e.i. Ləman Poladova.
7. Dinamik obyektlərin adaptiv idarə edilməsi və qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinin informasiya dəstəyi üçün qeyri-səlis modellər sistemi işlənilmişdir.
İcraçılar: t.e.d., prof., Ramin Rzayev
8. Volterra fərq tənlikləri və ikinci tərtib Qursa sərhəd şərtli stoxastik hiperbolik tənliklərlə təsvir olunan iki sinif diskret və kəsilməz optimal idarəetmə məsələsinə baxılmışdır. İdarəetmə oblastının qabarıqlığı şərti daxilində optimallıq üçün birinci tərtib xəttiləşdirilmiş maksimum prinsipi isbat edilmiş və kvaziməxsusi idarələrin optimallığı tədqiq edilmişdir.
İcraçılar: r.e.d., prof. Kamil Mənsimov, r.ü.f.d., dos. Rəşad Məstəliyev
9. CNN neyron şəbəkələri üçün çəkilərin hesablanması alqoritmi hazırlanmışdır. Alqoritm C++ proqram mühitində reallaşdırılmış və MNIST bazası əsasında test edilməsi göstərmişdir ki, çəkilər hesablandıqdan sonra neyron şəbəkəsi öyrədilmədən nəzarət baza təsvirlərinin yarıdan çoxunu tanıya bilir.
İcraçılar: t.e.d., dos. Polad Heydərov
-
13.03.2025
“Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP 2025) keçiriləcək -
21.01.2025
İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək -
17.01.2025
20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək -
20.12.2024
Elmi Şuranın növbəti iclası keçiriləcək